Stokholmun mərkəzində yeni Nobel Mərkəzi layihəsi kəskin ictimai və peşəkar tənqidlərə səbəb olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, binanın İsveç paytaxtının sahilboyu ərazisində inşa edilməsi planlaşdırılır. Bir çox sakinlər isə hesab edirlər ki, layihə nə məkanın həssaslığını, nə də Nobel mükafatının mədəni və beynəlxalq əhəmiyyətini nəzərə alır. Tikintiyə qarşı petisiya 10 mindən çox imza toplayıb və onun təşəbbüskarı şəhər sakinlərinin qərarların qəbul edilməsi prosesinə təsir imkanlarının məhdud olduğunu göstərir.
Şəhər memarı və Nobel Fondu tərəfindən layihənin müdafiə edilməsinə baxmayaraq, bir sıra tanınmış memarlar tikintiyə kəskin şəkildə qarşı çıxaraq planların tamamilə ləğv edilməsini təklif ediblər. Eyni zamanda, ekspertlər qeyd edirlər ki, yeni simvolik tikililərə mənfi reaksiya geniş yayılmış bir hadisədir.
“Bizim dövrümüzdə də kəskin tənqidlərə məruz qalan çoxsaylı yeni tikililər mövcuddur. Simvolik layihələrin icra edilməsinə razılaşan memarlar tənqidlərə hazır olmalıdırlar. Lakin kimin haqlı olduğunu yalnız müəyyən zaman keçdikdən sonra anlamaq mümkündür”, – deyə Çalmers Texnologiya Universitetinin memarı və dosenti Kay Qranat söyləyib.
Erkən nümunə kimi o, İsveçin Milli Muzeyini göstərir. Belə ki, bina XIX əsrin ortalarında tikildiyi vaxt “qablaşdırma qutusu” adlandırılırdı. XIX əsrin sonlarında isə müxtəlif cərəyanları təmsil edən rəssamların imzaladığı petisiyada Eyfel qülləsi “yararsız və eybəcər” kimi qiymətləndirilirdi. Halbuki, petisiya müəllifləri “indiyədək toxunulmaz qalmış Parisin gözəlliyini sevdiklərini” bildirirdilər.
Memarların fikrincə, peşəkar qiymətləndirmə ilə geniş ictimaiyyətin qavrayışı arasındakı uçurum tez-tez vaxtından əvvəl estetik mühakimələrə gətirib çıxarır. Layihənin uğurlu olub-olmadığını isə yalnız onilliklər sonra, binanın şəhər mühitinə uyğunlaşıb-uyğunlaşmadığı aydın olduqda qəti şəkildə dərk etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB