“Xətt yoxdur, cərimə var”, sürücü harda nəyi pozduğunu anlamır

Bakının bəzi küçələrində sürücülər sükan arxasında təkcə tıxacla deyil, həm də görünməyən qaydalarla üz-üzə qalır. Asfalt üzərində avtobus zolağını göstərən nə xətt var, nə də aydın yol nişanı, amma elektron nəzarət sistemi tərəddüd etmədən cərimə yazır. Sürücü isə harada və nəyi pozduğunu anlamadan cərimə kağızı ilə qarşılaşır.

Bu vəziyyət sürücülərdə ciddi narazılıq və əsəb yaradır. Qaydalar aydın olmayanda onların icrasını tələb etmək nə dərəcədə ədalətlidir? Yol hərəkəti qaydaları cərimə mexanizmi deyil, təhlükəsizliyi və nizamı təmin edən aydın sistem olmalıdır. Əks halda, qayda qorxuducu alətə çevrilir.

Problemin kökündə yol infrastrukturunun natamamlığı dayanır. Silinmiş xətlər, görünməyən zolaqlar, köhnəlmiş nişanlar sürücünü səhvə sürükləyir. Belə şəraitdə diqqətli sürücü belə qaydanı bilmədən poza bilər və nəticədə cərimələnir.

Ən acınacaqlısı isə odur ki, sürücülər çox vaxt bu cərimələrə etiraz etməkdə çətinlik çəkir. Sübut olaraq nəyi göstərsinlər? Asfaltda olmayan xətti, görünməyən zolağı necə izah etsinlər? Bu da vətəndaşda haqsızlıq hissini daha da gücləndirir.

Məsələ təkcə sürücünün cibinə dəyən pul deyil, dövlətlə vətəndaş arasındakı etimad məsələsidir. Yol hərəkətində qaydalar şəffaf və bərabər tətbiq olunmayanda, cəmiyyət bunu cərimə yığımı kimi qəbul edir. Bu isə qaydalara hörməti zəiflədir.

Əgər məqsəd həqiqətən də nizam-intizam və təhlükəsizlikdirsə, əvvəlcə yollar danışmalıdır. Xətlər aydın çəkilməli, nişanlar görünən olmalı, sürücüyə səhv etməmək üçün şərait yaradılmalıdır. Yalnız bundan sonra yazılan cərimə ədalətli və qəbulolunan sayıla bilər.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə