Yunus Oğuzun “TÜRK etnonimi və törələri” adlı kitabının təqdimat mərasimi keçirilib
Yanvarın 23-də Atatürk Mərkəzində yazıçı-publisist Yunus Oğuzun "TÜRK etnonimi və törələri" adlı kitabının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, təqdimatı giriş sözü ilə açan akademik Nizami Cəfərov qeyd edib ki, yazısı və tədqiqatçı Yunus Oğuz yaradıcılığında apardığı akademik araşdırmaları, elmi-publisistik məqalələri ilə türk tarixinin qaranlıq, mübahisəli tərəflərinə aydınlıq gətirməyə çalışıb. O, "Qədim Anadolu və Azərbaycan türkləri", "Türkün tarixinə yeni bir baxış", "Türkün gizli tarixi", "Qədim türklər və passionarlıq nəzəriyyəsi" kitablarının müəllifidir. Bu dəfə isə oxucularına "TÜRK" etnonimi və törələri" kitabını təqdim edir: "Yunus Oğuz publisist, tədqiqatçı, yazıçı, jurnalist olmaqla yanaşı, siyasətin də ən yüksək səviyyəsinə yüksəlib. Onun xüsusən Azərbaycan və türk tarixi sahəsində araşdırmaları diqqəti cəlb edir. Əsərləri orta və ali məktəblərdə tədris olunur. Çünki, həmin əsərlərdə bizim ən qədim tarixlə son tariximiz arasında yazıçı təxəyyülü əksini tapıb. Bu əsərdə isə xeyli faktlar sistemləşdirilib, eyni zamanda yeni türk mənşəli məlumatlar təqdim edilib".
Yazıçı-publisist Yunus Oğuz bildirib ki, əsərdə sovet dövründə məqsədli şəkildə formalaşdırılmış və 9-11-ci əsrlərdə türklərin Avropaya guya sonradan gəldiyini, orada qalan mədəni irsin isə türk mənşəli olmadığını iddia edən yanaşmalar elmi sübutlarla təkzib olunur. O əlavə edib ki, türkün vətəni yalnız məhdud coğrafiya ilə izah edilə bilməz, Avrasiya və Anadolu türkün tarixi-mədəni məkanlarıdır: "Bu baxımdan kitab, türklərin islamdan öncəki maddi və mənəvi mədəniyyətinin onlara məxsus olduğunu bir daha əsaslandırır. Kitabın ən mühüm elmi yeniliklərindən biri Strabonun "Coğrafiya" əsərinə istinadla eramızın I əsrində İspaniya ərazisində mövcud olmuş türk etnonimləri və toponimlərinin araşdırılmasıdır. Bu faktlar türklərin islamdan xeyli əvvəl geniş coğrafiyada iz buraxdığını göstərir. Müəllif eyni zamanda islamdan əvvəl mövcud olmuş, lakin uzun müddət yazılı şəkildə sistemləşdirilməmiş törə və idarəçilik qaydalarını - Uyğur törəsi, Göytürk törəsi, Orxon-Yenisey qanunları və "Dədə Qorqud" buyruqlarını elmi kontekstdə təqdim edir. Bu törələr Azərbaycanda ilk dəfə bu şəkildə nəşr olunur".
Yazıçı qeyd edib ki, zamanla unudulmuş bu hüquqi və mənəvi dəyərlərin yenidən gündəmə gətirilməsi təsadüfi deyil. Çünki həmin törələr türk toplumlarının dövlətçilik ənənəsini, milli mədəniyyətini və mənəvi dünyasını formalaşdıran əsas sütunlardır. "TÜRK etnonimi və törələri" kitabı bu baxımdan yalnız keçmişə baxış deyil, həm də gələcək üçün milli-mənəvi yol xəritəsi kimi çıxış edir.
Tədbirdə ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edərək kitabın elmi əhəmiyyətindən, türk etnoniminin tarixi köklərindən və terminoloji inkişafından bəhs ediblər. Belə ki, ölkənin tanınmış şəxsiyyətlərindən olan türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatı Razi Nurullayev, yazıçı-publisist Şərəf Cəlili, yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, -Filoloq, publisist-naşir, filologiya üzrə fəlsəfə doktoru-dosent Şəmil Sadiq, folklorşünas Əli Şamil, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Varis Yolçiyev, Hədəf liseyinin təmsilçisi Sahil Tahirli, yazıçı-tərcüməçi Xanım Aydan, yazıçı-publisist Kənan Haçı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ramiz Göyüşov, şair Fəxrəddin Teyyubov, hüquqşünas İlqar Türkoğlu, "Yazarlar" Jurnalının baş redaktoru, AYB və AJB-nin üzvü Zaur Ustac və digər şəxslər iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB