Beynəlxalq hüququn əsas prinsipləri ŞƏRH

Müasir beynəlxalq münasibətlər sistemində beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq və dəyişməz xarakter daşıması nəzəri baxımdan qəbul edilə bilər. Bununla belə, real həyatda bu normativ tələblərin bərabər və qəti şəkildə tətbiq olunduğunu demək getdikcə çətinləşir. Qlobal güc balansları, böyük dövlətlərin siyasi maraqları, regional siyasi-qeydiyyat problemləri və beynəlxalq təşkilatların icra mexanizmlərinin zəifliyi beynəlxalq hüququn effektivliyinə ciddi mənfi təsir göstərir.

Bu baxış yalnız hüquq nəzəriyyəsinin deyil, həm də praktik siyasətin real təzahürüdür. Məsələn, Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, müasir dünyada beynəlxalq hüquq formal olaraq mövcud olsa da, onun mexanizmləri praktikada kifayət qədər işləmir və bəzi hallarda selektiv şəkildə tətbiq olunur. O bildirib ki, «təəssüf ki, beynəlxalq hüquq normaları və prinsipləri tam şəkildə işlək deyil, bəzi hallarda onlar kağız üzərində qalır» və bu reallıq qlobal hüquq sisteminə etimadsızlıq yaradır.

Bu məqamdan çıxış edərək, cənab Prezident vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnamə uzun illər icra olunmamışdır və nəticədə beynəlxalq hüququn obyektiv tətbiqi mexanizmlərinin zəifliyi dünya ictimaiyyətinin bir sıra üzvləri üçün norma kimi qəbulunu zəiflətmişdir.

Onun sözlərinə görə, beynəlxalq hüquq heç də hər zaman və hər yerdə işləmir, böyük güclərin maraqları və ikili standartlar bu sahədə ciddi problemlər yaradır. Bu reallıq göstərir ki, beynəlxalq hüququn universal tətbiqi yalnız deklarativ ifadə olmaqla kifayətlənmir — onun real icrası üçün daha güclü və qərəzsiz mexanizmlər tələb olunur.

Eyni zamanda Prezident İlham Əliyev beynəlxalq hüququn əsas prinsiplərinin — suverenlik, ərazi bütövlüyü və zor gücündən istifadə edilməməsi normalarının bütün dövlətlər üçün eyni dərəcədə əsas olmalı olduğuna diqqət çəkib. O xüsusi vurğulayıb ki, heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz və beynəlxalq hüquq normaları üçün ayrı-seçkilik ola bilməz.

Cənab Prezidentin bu fikirləri yalnız nəzəri yanaşma deyil, həm də beynəlxalq hüququ daha ədalətli, bərabər və effektiv mexanizmə çevirmək zərurətini əks etdirir. Onun müşahidələrinə görə, beynəlxalq hüququn real icra mexanizmləri gücləndirilmədiyi təqdirdə bu norma universal məcburiyyət xarakteri daşıya bilməz və hüququn universal tətbiqi ideyası sadəcə deklarasiyaya çevrilər. Belə bir vəziyyət isə qlobal ədalət, təhlükəsizlik və sabitlik üçün ciddi risklər yaradır.

Nəticə etibarilə, beynəlxalq hüquq normaları nəzəri səviyyədə bütün dünya ictimaiyyəti üçün universal məcburi sayılırsa da, praktikada onların işləyişi bərabər, qərəzsiz və effektiv deyil — bu reallıq modern dünya sistemində beynəlxalq hüququn tətbiqi mexanizmlərinin yenidən nəzərdən keçirilməsini tələb edir.

Cahandur Məhərrəmov

YAP Şərur rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə