Ölkədə devalvasiya ola bilərmi? - İQTİSADÇI AÇIQLADI

Azərbaycan Mərkəzi Bankı yanvarın 21-nə olan valyuta məzənnələrini açıqlayıb. ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb. Türkiyə lirəsi 0,0393 manat təşkil edib. Avro 1,9821 manata, Rusiyanın 100 rublu isə 2,1870 manata qədər bahalaşıb. Devalvasiya ola bilərmi?

Məsələ bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki,hazırkı mərhələdə Azərbaycanda devalvasiya riski yüksək qiymətləndirilmir və bu istiqamətdə ciddi təhlükə görünmür:

“Bunun əsas səbəbi ondan ibarətdir ki, devalvasiyanı şərtləndirən fundamental amillər hazırda mövcud deyil.

İlk növbədə, milli valyutanın məzənnəsi Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılır və 1 ABŞ dollarının təxminən 1 manat 70 qəpik səviyyəsində sabitliyi təmin olunur. Mərkəzi Bankın sərəncamında olan müxtəlif pul-kredit alətləri və müdaxilə mexanizmləri valyuta bazarında tarazlığın qorunmasına imkan verir. Bu alətlər vasitəsilə kəskin məzənnə dalğalanmalarının qarşısı alınır və bazarda psixoloji sabitlik təmin edilir.

İkinci mühüm amil xaricdən ölkəyə daxil olan investisiyalardır. Xarici investisiyaların davamlı axını ölkəyə əlavə valyuta gətirir və bu da manatın mövqeyini gücləndirən əsas faktorlardan biridir. Eyni zamanda, Azərbaycanın tədiyə balansında ciddi mənfi fərqin olmaması da devalvasiya riskini azaldır.

Bundan əlavə, dövlət büdcəsinin gəlirlərinin böyük hissəsi neft sektorunun payına düşür. Hazırda neftdən əldə olunan gəlirlər qənaətbəxş səviyyədədir və büdcə öhdəliklərinin icrası üçün kifayət edir. Neftin dünya bazar qiymətlərində kəskin eniş müşahidə olunmadığı müddətdə bu gəlirlər manat üçün təhlükə yaratmır.

Ümumilikdə, devalvasiya riski bir neçə əsas şərt formalaşdığı halda arta bilər. Bunlara neftin qiymətinin 50 ABŞ dollarından aşağı düşməsi, ölkədən çıxan valyutanın daxil olan valyutanı üstələməsi, dövlət büdcəsi xərclərinin kəskin və nəzarətsiz şəkildə artması, eləcə də Mərkəzi Bankın valyuta ehtiyatlarının 10–15 faizdən çox azalması daxildir. Hazırkı iqtisadi vəziyyətdə bu faktorların eyni vaxtda baş verməsi real görünmür.

Nəticə etibarilə, mövcud iqtisadi göstəricilər və makroiqtisadi sabitlik nəzərə alındıqda, yaxın perspektivdə Azərbaycanda devalvasiya ehtimalı aşağı qiymətləndirilir və bu məsələ gündəlik iqtisadi reallıq kimi aktuallıq daşımır”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə