“Xalqlara qarşı zorakılıq, etnik və dini ayrı-seçkilik, fundamental hüquqların pozulmasıdır” -ŞƏRH OLUNDU

“Qoşulmama Hərəkatının nəzdində yaradılmış Bakı Təşəbbüs Qrupu uzun müddətdir ki, müstəmləkəçilik siyasətindən və sistemli ayrı-seçkilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi istiqamətində ardıcıl fəaliyyət göstərir”.Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, bu çərçivədə Bakıda Hindistanda mövcud olan etnik və dini problemlərə həsr edilmiş beynəlxalq konfrans mühüm siyasi və humanitar hadisə kimi yadda qalıb:

”Tədbirdə Hindistan rəhbərliyinin son illərdə həyata keçirdiyi repressiv siyasətin ölkə daxilində ciddi sosial gərginlik yaratdığı, xüsusilə müsəlmanlar, xristianlar, siqhlər və digər etnik-dini icmalara qarşı sərt və radikal yanaşmanın formalaşdığı vurğulanıb.

Bakıda keçirilən konfrans əsas etibarilə siqh icmasının üzləşdiyi problemlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına həsr olunub. Tədbirin əsas məqsədi mövcud vəziyyəti obyektiv şəkildə işıqlandırmaq, insan hüquq və azadlıqları sahəsində baş verən pozuntular haqqında məlumat vermək, eləcə də yaranmış böhranla bağlı daha dolğun və sistemli təsəvvür formalaşdırmaq olub. Müzakirələr nəticəsində konkret təkliflər irəli sürülüb və problemin beynəlxalq hüquq müstəvisində gündəmdə saxlanılması üçün mexanizmlər müəyyənləşdirilib.

Konfransın nəticələri göstərir ki, bu cür təşəbbüslər insan hüquqlarının müdafiəsi baxımından mühüm təsir gücünə malikdir və gələcəkdə daha geniş beynəlxalq rezonans doğura bilər. Xalqlara qarşı zorakılıq, etnik və dini ayrı-seçkilik, fundamental hüquqların sistemli şəkildə pozulması qəbuledilməzdir və bəşəri dəyərlərlə ziddiyyət təşkil edir. Tarixi müstəmləkəçilik təcrübəsinə malik bəzi böyük dövlətlərin və keçmiş imperiyaların bu gün də yerli əhalini zorakılığa məruz qoyaraq, onların hüquqlarını tanımadan yalnız təbii resurslar və geosiyasi maraqlar naminə siyasət yürütməsi ciddi beynəlxalq narahatlıq doğurur. Bu baxımdan Bakı Təşəbbüs Qrupunun fəaliyyəti qlobal ədalət və insan hüquqlarının müdafiəsi istiqamətində əhəmiyyətli platforma kimi çıxış edir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə