Bitki çaylarını hər gün qəbul etmək nə dərəcədə təhlükəsizdir? - MÜTƏXƏSSİS AÇIQLADI

Soyuqdəymə və qrip hallarının artdığı payız-qış aylarında immun sistemini dəstəkləmək məqsədilə bitki çaylarına maraq xeyli artır. Bəs, bu çayları hər gün qəbul etmək nə dərəcədə təhlükəsizdir?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, bitkilərin istifadəsi fərdi xarakter daşıyır:

“Eyni bitki bir insana faydalı ola bilərkən, digərinə eyni dərəcədə təsir etməyə bilər və ya bəzi hallarda əks təsirlər belə yarada bilər. Bu da insan orqanizminin fərdi xüsusiyyətləri – allergik reaksiyalar, mövcud xəstəliklər və ümumi sağlamlıq vəziyyəti ilə bağlıdır.

Ümumiyyətlə, bir çox bitki çayları mövcuddur ki, düzgün və balanslı şəkildə istifadə edildikdə orqanizm üçün olduqca faydalıdır. Bu çaylar tərkibindəki vitamin, mineral və bioloji aktiv maddələr sayəsində immun sistemini gücləndirə, maddələr mübadiləsini tənzimləyə, həzm sistemini yaxşılaşdıra və orqanizmi toksinlərdən təmizləyə bilər. Məsələn, C vitamini ilə zəngin olan bəzi bitkilər soyuqdəymə və infeksiyalara qarşı qoruyucu təsir göstərir.

Eyni zamanda, bir çox rahatlaşdırıcı və sakitləşdirici təsirə malik bitki çayları da vardır ki, bunlar sinir sisteminə müsbət təsir edərək, stres və gərginliyi azaldır, yuxu keyfiyyətini artırır. Bu cür bitkilər arasında melisa, lavanda, çobanyastığı və yulaf otu kimi nümunələr göstərilə bilər. Belə çayların axşam saatlarında qəbul edilməsi, daha dərin və rahat bir yuxuya kömək edir.

Zeytun yarpağı və müxtəlif giləmeyvələrin yarpaqları isə güclü antioksidant təsiri ilə seçilir. Onların tərkibində olan polifenollar, flavonoidlər və digər faydalı maddələr hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur, orqanizmin qocalma prosesini ləngidir və ümumi sağlamlığı dəstəkləyir. Zeytun yarpağı çayı, eyni zamanda, qan təzyiqini tənzimləməyə və xolesterin səviyyəsini aşağı salmağa kömək edir. Giləmeyvə yarpaqları – məsələn, moruq və böyürtkən yarpaqları – iltihab əleyhinə və immun gücləndirici xüsusiyyətlərə malikdir. Bitki çaylarının faydalarından düzgün şəkildə istifadə etmək üçün onların xüsusiyyətlərini və insan orqanizminə təsir mexanizmini yaxşı bilmək lazımdır. Ən əsası isə, istənilən bitki çayını uzun müddət və ya müalicə məqsədilə istifadə etməzdən əvvəl həkimlə və ya fitoterapevtlə məsləhətləşmək tövsiyə olunur. Bu, həm maksimum fayda əldə etmək, həm də mümkün risklərin qarşısını almaq baxımından olduqca vacibdir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə