"Son vaxtlar Şuşanın adı beynəlxalq səviyyədə çox səslənir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Prezident İlham Əliyevin Şuşa və Zəngilana səfərləri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesinin sürətlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

O bildirib ki, dövlət başçımız müharibənin başa çatdığı qısa bir zamanda işğaldan azad olunmuş ərazilərə yüzdən çox səfər edib: "Ölkə başçımızın hər bir səfəri bu regiona yeni ruh və inkişaf gətirir.

17 mayda ölkə başçımız Füzuli Beynəlxalq Hava Limanında Belarusiyanın prezidenti Aleksandr Lukoşenkonu qəbul etdi. Dövlət başçılarımız Füzulinin inkişaf planı ilə tanış olduqdan sonra Şuşaya səfər etdilər. Son vaxtlar Şuşanın adı beynəlxalq səviyyədə çox səslənir. Çünki bu şəhərimiz mədəniyyət beşiyidir və özündə çox böyük tarixi yaşadır. Belarusiyanın dövlət başçısına Ermənistanın işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşada törətdiyi vəhşilikləri ilə bağlı məlumat verildi. Həm də Şuşanın yenidən qurulması və bərpasının canlı şahidi oldu. Şuşa səfərə gələn hər bir şəxsdə həqiqətən dərin təəssüratlar buraxır.

Belarusiyanın prezidenti Şuşanın tarixi, mədəni və dini abidələrin yenidən qurulması və bərpası ilə bağlı görülmüş işlərinin yüksək səviyyədə olmasının və ora qayıtmış əsil sakinlərin xoşbəxtliyinin şahidi oldu. Şuşa tarixi mədəni irsini özündə yaşatmaqla müasirləşən şəhərdir".

"Dövlət başçımızın növbəti səfəri Zəngilan və Cəbrayıl rayonlarına oldu. Səfər çərçivəsində cənab Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcanlı və Maşanlı, Zəngilan rayonunun isə Mincivan qəsəbəsinin və Zəngilan şəhərinin daxili yol kommunikasiya şəbəkəsinin tikintisinin təməllərini qoydu. O cümlədən Zəngilan şəhərində Ağalı hotelinin, məscidin, Zəngilan və Şayıflı su elektrik stansiyaların açılışını etdi. Həm də İranla sərhəddə Xudafərin və Qız qalası hidroqovşaqların açılışları oldu.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə etdiyi üç günlük səfəri bu ərazilərə yeni ruh verməklə yanaşı keçmiş məcburi köçkünlərin müasirləşmiş yaşayış məntəqələrinə qayıdışı prosesinə yeni impuls verəcəkdir. Bu ərazilərdə icra olunan layihələr və görülən işlər işğaldan azad olunmuş ərazilərin əsl cənnətə çevrildiyini deməyə imkan verir. Torpaqlar öz sahibində olanda çiçəklənir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında baş verən proseslər bu torpaqlara əsl sahiblərin qayıtmasının göstəricisidir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə