Rusiya-Ermənistan münasibətlərində MÜƏMMALI MƏQMLAR – TƏHLİL

Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması məsələsi son zamanlar ciddi müzakirələrə səbəb olub və fikir müxtəlifliyi də var. Nəinki fikir müxtəlifliyi, son vaxtlar Moskva və İrəvan nümayəndələri səviyyəsində fikir ayrılıqları da müşahidə olunmaqdadır. Sözsüz ki, fikir ayrılıqları iki ölkə arasında, daha dəqiq desək, Rusiya-Ermənistan münasibətlərində müəmmalı məqmların kifayət qədər olmasını əsdiqləyir.

Peskov rus sərhədçilərinin Ermənistan ərazisində qalıb-qalmayacağı məsələsinə aydınlıq gətirib

Diqqətə çatdıraq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks” agentliyinə bəzi məqamlar barədə fikirlərini bölüşüb. O, bildirib ki, mayın 9-da Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya qoşunlarının bir sıra rayonlardan çıxarılması barədə razılığa gəliblər. Hətta onu da diqqətə çatdıb ki, sərhədçilərin ərazini tərk etməsi barədə İrəvan Moskvadan xahiş edib. “2020-ci ilin payızında Ermənistan tərəfinin xahişi ilə hərbçilərimiz və sərhədçilərimiz Ermənistanın bir sıra rayonlarında yerləşdirilib. Paşinyan deyib ki, bu gün dəyişmiş olan şərtlərə görə artıq belə bir ehtiyac yoxdur, ona görə də prezident Putin razılaşıb və hərbçilərimizin, sərhədçilərimizin çıxarılması məsələsi razılaşdırılıb”, deyə Peskov rus sərhədçilərinin Ermənistan ərazisində qalıb-qalmayacağı məsələsinə aydınlıq gətirib. Sözsüz ki, rus hərbçiləri Ermənistan tərəfinin istəyi ilə Türkiyə və Ermənistan-İran sərhədlərində yerləşdirilib və elə məhz öz istəyi ilə də qala bilər. Bu baxımdan da Dmitri Peskovun dediklərinin nəyə işarə olduğu da bəllidir. Amma etiraf edilməlidir ki, bəlli olmayan Moskva ilə İrəvan arasındakı münasibətlərin müəmmalı olmasıdır və ruslara arxa çevirib xəyanət edən ermənilər özləri də hələ bilmirlər ki, vəziyyət nə yerdədir.

İndi bəzi fikir ayrılıqları artıq özünü göstərməkdədir

Onu da xatırlatmaq yerinə düşərdi ki, Rusiya ilə Ermənistan arasında 1992-ci il sentyabrın 30-da imzalanmış Ermənistan ərazisində yerləşən Rusiya sərhəd qoşunlarının statusu və onların fəaliyyət şərtləri haqqında müqaviləyə əsasən, həmin respublikanın Türkiyə və İranla sərhədlərini Rusiya sərhədçiləri qoruyacaq. Diqqətə də çatdırmaq lazım gəlir ki, Federal Təhlükəsizlik Xidməti Ermənistandakı sərhəd idarəsinə dörd dəstə daxildir və bunlar Gümrü, Armavir, Artaşat və Mehridə, həmçinin İrəvan Zvartnots hava limanında ayrıca nəzarət-buraxılış məntəqəsi hesab olunur. Razılığa görə Rusiya sərhədçilərinin ölkədə saxlanması iki dövlətin hökumətləri tərəfindən təxminən bərabər şəkildə təmin edilib. Amma indi bəzi fikir ayrılıqları artıq özünü göstərməkdədir və fərqli mövqelər müəmmalı məqamların olduğunu isbatlayır.

Dmitri Peskovun açıqlamasına Ermənistanda fərqli yanaşılır və erməni cəmiyyəti onun fikirlərini müxtəlif şəkildə qarşılayır

Müşahidələrdən görünür ki, Dmitri Peskovun açıqlamasına Ermənistanda fərqli yanaşılır. Erməni cəmiyyəti Rusiya prezidentinin mətbuat katibinin fikirlərini müxtəlif şəkildə qarşılayır və bu hətta rəsmi İrəvanın qarışıq reaksiyasına da səbəb olub. Bu məsələni mediaya şərh edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tamamilə fərli yanaşma sərgiləyib. “Rusiya tərəfi bizdən Türkiyə və İranla həmsərhəd əraziləri hərbçilərimizin tərk etmələrini istəyib-istəmədiyimizi soruşdu. Cavab verdik ki, onlardan üç istiqamətdən, yəni, Zvartnots hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd məntəqəsindən geri çəkilməyi, Sisian və Gorusda yerləşən Rusiya sülhməramlılarına aid iki dayaq bazasını sökməyi xahiş edirik”, deyən həmin o Qriqoryan bununla əslində, Peskovun erməni tərəfinin Rusiya sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərinin mühafizəsi ilə əlaqədar Moskvadan etdiyi xahiş barədə bəyanatını faktiki olaraq təkzib edib. Maraqlıdır, niyə bu qədər fərqli fikirlər, özü də rəsmi səviyyədə səsləndirilir və görəsən bu qədər müəmma, bu qədər qaranlıq məqama səbəb nədir?

Ermənistan üçün reallıqları təkzib etmək, yanlış məlumat yaymaq, doğru olmayanı bəyan etmək adi hal kimi qəbul olunur

Xüsusilə xatırlatma etmək lazım gəlir ki, məhz İran və Türkiyə ilə Ermənistanın sərhəd məsələsinə gəlincə, orada rus sərhədçilərinin yerləşdirilməsi razılaşma ilə tənzimlənir və Rusiya tərəfinə də izah edilib ki, bu məsələ hazırda artıq müzakirə belə olunmur. Bu fonda Rusiya sərhədçilərinin Türkiyə və İranla həmsərhəd ərazilərdə qalmalarını Ermənistanın xahiş edib-etməməsi ilə bağlı suala aydınlıq gətirən Qriqoryanın dedikləri də diqqəti cəlb edir. O, yəni, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, “bizim belə bir xahişimiz olmayıb”. Maraqlıdır, fikirlər arasında niyə bu qədər fərqlilik və təzadlar var? Bütün bunlar nədən qaynaqlanır?

Onu da yada salaq ki, Ermənistan parlamentinin rəhbəri Alen Simonyan mart ayında Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması barədə heç bir söhbətin olmadığını bildirsə belə, eyni zamanda Simonyan buna şübhə ilə yanaşdığını gizlətməmişdi. “Mən buna şübhə edirəm. Türkiyə Ermənistana hücum etmək qərarına gəlsə, Rusiya sərhədçiləri Ermənistanı qoruya biləcək və ya qoruyacaq”, deyə Ermənistan parlamentinin rəhbəri o zaman açıq-aşkar şəkildə bildirmişdi. Bir sözlə, təcrübə özü də belə məqamda öz sözünü deyir və Ermənistan üçün reallıqları təkzib etmək, yanlış məlumat yaymaq, doğru olmayanı bəyan etmək çoxdandır ki, adi hal kimi qəbul olunur deyə, məsələnin nə yerdə olduğu və müəmmalı məqamların mövcudluğu barədə şübhə qalmır.

Rusiya tərəfi ən azı indiki mərhələdə öz hərbi kontingentini Ermənistan ərazisindən tamamilə çıxarmağı heç ağlına da gətirmir

Sözsüz ki, erməni siyasətçilərin Moskvaya, Kremlə ünvanladığı təxribat xarakterli bəyanatları heç vaxt Rusiya Xarici İşlər Nazirliyinin diqqətindən yayınmır. Hətta bununla bağlı məhz Kreml tərəfindən kəskin fikir bildirilməsi də bir növ ənənə halını alıb. Elə məhz bu ənənə fonunda da bu dəfə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə çox kəskin şəkildə fikirlər səsləndirib. Hətta Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dediklərini açıq-aşkar təkzib edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Rusiya tərəfinin guya öz sərhədçilərinin Ermənistan ərazisindən tamamilə çıxarılmasını təklif etməsi ilə bağlı Armen Qriqoryanın dediklərini təkzib edərək, bunların reallığa uyğun olmadığını birbaşa olaraq qeyd edib. “Ermənistan və Rusiya liderlərinin keçiriləcək görüşü ilə bağlı çoxlu fərziyyələr var”, deyən Mariya Zaxarova əlavə edib ki, Ermənistan və Rusiya liderlərinin görüşü zamanı Ermənistan tərəfinin tələbi ilə yalnız qoşunların geri çəkilməsi nəzərdə tutulur.

Artıq aydın olur ki, nəyə görə fikir ayrılıqları, müəmmalı məqamlar və qaranlıq məsələlər ortaya çıxır. Deməli, Moskva rəsmilərinin bəyanatlarından da belə nəticəyə gəlmək olur ki, Rusiya tərəfi ən azı indiki mərhələdə öz hərbi kontingentini Ermənistan ərazisindən tamamilə çıxarmağı heç ağlına da gətirmir. Bunun da səbəbini bilməyən yoxdur və təkcə region ölkələri ilə maraqlananlar deyil, elə bütün dünya ictimaiyyəti də bilir ki, Kreml öz maraqları xatirinə hərbi kontingentinin çıxarılması məsələsini qəiyyəm mümkün hesab etmir və həmin ölkəni də bundan sonra Cənubi Qafqazdakı təsir orbitində saxlamağa çalışacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə