Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşkilatçılığı ilə türk dünyasının sevilən sənətçilərindən biri, tanınmış müğənni Ferhad Göçer Heydər Əliyev Sarayında unudulmaz konsert proqramı ilə çıxış edib. SİA xəbər verir ki, möhtəşəm gecə boyunca tamaşaçılara duyğulu musiqi ziyafəti yaşadan Göçer ən sevilən, dillərəzbərinə çevrilən hitlərini canlı-canlı səsləndirib. Ferhad Göçer səhnəyə çıxan andan etibarən tamaşaçılarla səmimi ünsiyyət quraraq həm klassik repertuarından, həm də yeni layihələrindən parçalar ifa edib.
Ferhad Göçer çıxışı zamanı Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürünü bildirib: “Bakıda olmaq, bu gözəl səhnədə sizlər üçün oxumaq mənim üçün böyük şərəfdir. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir – bunu hər səfərimdə daha da dərindən hiss edirəm.”
Gecənin sürprizi isə “Çırpınırdı Qaradəniz” mahnısının səsləndirilməsi olub. Türk dünyasının azadlıq və birlik rəmzi olan bu əsəri Göçerin özünəməxsus şəkildə təqdim etməsi zalda duyğusal anlar yaşadıb. Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran sənətçini tamaşaçılar ayaq üstə alqışlayaraq ona olan sevgilərini və hörmətlərini nümayiş etdiriblər. Sözügedən ifa 18 oktyabr “Dövlət Müstəqilliyinin Bərpası günü”nə həsr edilib.
Gecənin sonunda Ferhad Göçer tamaşaçıların istəyi ilə ikinci dəfə səhnəyə çıxıb və gür alqışlarla yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə