18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Batumidə təntənəli tədbir keçirilib.
SİA xəbər verir ki, Azərbaycan Respublikasının Batumidəki baş konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə Acarıstan Muxtar Respublikasının dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan və Gürcüstan ictimaiyyətinin nümayəndələri, yerli universitetlərdə təhsil alan tələbələr, eləcə də media nümayəndələri iştirak ediblər.
Tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Sonra baş konsul Fuad Əzizov çıxış edərək 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün tarixi və əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, son 34 ildə müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadi, siyasi və hərbi gücümüzün artırılması, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağımız üçün əvəzsiz işlər görülüb. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və onun yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün lider dövlətə və etibarlı tərəfdaşa çevrilib. Azərbaycan və Gürcüstan arasında dərin tarixi bağlara, ortaq maraqlara və qarşılıqlı hörmətə əsaslanan dostluq və strateji tərəfdaşlıq münasibətləri isə hər il daha da möhkəmlənir.
Bütün xəbərlər Facebook səhifəmizdə