...Ukraynadakı müharibə və NATO-nun şərq cinahında gərginliyin artması fonunda Baltikyanı Latviya, Litva və Estoniya dövlətləri fəal şəkildə müdafiələrini gücləndirir, sığınacaq şəbəkələrini bərpa edir və əhalisini Rusiya ilə potensial münaqişəyə hazırlayırlar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə NBC xəbər verir.
Qeyd edək ki, hazırda Latviyanın paytaxtı Riqada onlarla binanın üzərində "patvertne" (sığınacaq) sözü olan, hücum zamanı hara sığınacaqlarını bildirən yaşıl lövhələr peyda olub. Bu işarələr təcavüzkar şərq qonşusunu diqqətlə izləyən şəhərin yenilənmiş döyüş hazırlığının simvoluna çevrilib.
Latviyanın müdafiə naziri Andris Spruds bəyan edib ki, onun ölkəsi “cəbhə xəttindədir” və artıq Kreml təhlükəsinə qarşı müəyyən dayanıqlıq əldə edib.
O, Latviyanın NATO müttəfiqləri ilə birlikdə pilotsuz uçuş aparatları təşəbbüslərini fəal şəkildə inkişaf etdirdiyini və müdafiəyə sərmayə yatırdığını vurğulayıb.
Amerikalı diplomat Metyu Uitaker xəbərdarlıq edib ki, gələcək münaqişə tanklarla deyil, kritik infrastruktura kiberhücumlarla başlaya bilər.
...Növbəti müharibənin ilk atəşi tankların Suvalki boğazından keçməsi olmayacaq. Bu, hava limanlarının məhv edilməsi və ya kiberhücumlar olacaq.
NATO Hərbi Komitəsinin keçmiş sədri admiral Rob Bauer gələcək müharibənin fərqli olacağı ilə razılaşıb və Avropa Parlamentinin sədri Roberta Metsola etiraf edib ki, Qərb Rusiya təhlükəsi ilə bağlı "çox uzun müddətdir Baltikyanı xəbərdarlıqlara məhəl qoymayıb".
Latviya artıq Rusiya ilə sərhəddə hasar çəkib, Rusiyanın elektrik şəbəkəsindən ayrılıb, Riqada sovet memorialını söküb, Rusiya səfirliyinin yaxınlığındakı küçənin adını dəyişdirərək “Ukrayna Müstəqilliyi küçəsi” adlandırıb.
Riqa merinin keçmiş müavini Linda Ozola bildirib ki, şəhər sığınacaq sistemini bərpa edir, ərzaq ehtiyatı yığır və sığınacaqları tez tapmaq üçün mobil proqram hazırlayır.
Onun sözlərinə görə, əsas məqsəd istənilən inkişafa hazır olmaqdır: “Həqiqət yaxşı deyil – bizim ölkəmizi məhv etmək istəyən çılğın qonşumuz var. O, bunu gizlətməyə belə cəhd etmir”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə