Müasir gənclərin stresinin əsas səbəbləri BƏLLİ OLDU - AYDINLIQ GƏTİRİLDİ

“Müasir dövrdə gənclər arasında stresin artması sosial, psixoloji və texnoloji amillərlə sıx bağlıdır. Əsas səbəblərdən biri vaxtın düzgün bölünməməsi və məqsədin dəqiq müəyyənləşdirilməməsidir. Gənclər çox zaman gündəlik qayğılar, maddi çətinliklər və təhsil-iş balansı arasında sıxışaraq psixoloji gərginlik yaşayırlar. Bu gərginliyin bir digər mənbəyi isə müqayisə meylidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, bir çox gənclər özlərini başqaları ilə müqayisə edir, nəticədə real imkanlarını düzgün dəyərləndirə bilmirlər: “Bəzən isə güclərindən artıq səylə nailiyyət əldə etməyə çalışır, təbii qabiliyyətlərinə uyğun olmayan sahələrdə israrla uğur qazanmaq istəyirlər. Bu hal cəmiyyətdə çox vaxt “tərslik” və ya “lazımsız inad” kimi qiymətləndirilir.

Zamanın səmərəli idarə olunmaması da stresin artmasına səbəb olur. Bir çox gənclər düşünür ki, çoxsaylı kurslara yazılmaqla daha çox uğur əldə edə bilərlər, lakin məqsəd aydın olmadıqda bu, yalnız əlavə yüklənməyə gətirib çıxarır.

Digər mühüm amil isə texnoloji asılılıqlardır. Telefon və sosial şəbəkə asılılığı gənclərin həm diqqətini yayındırır, həm də onların psixoloji durumuna mənfi təsir göstərir. Sosial mediada nümayiş olunan “ideal həyat” modelləri reallıqla uyğun gəlmədikdə, gənclərdə narazılıq və özünəinam çatışmazlığı yaranır. Əvvəlki nəsillərlə müqayisədə bu gün gənclərin emosional vəziyyətində daha çox həyəcan və təşviş müşahidə olunur. Bunun əsas səbəbləri arasında texnologiyanın sürətli inkişafı, sosial şəbəkələrin təsir dairəsinin genişlənməsi və şəxsiyyətin tam formalaşmaması kimi amillər mühüm rol oynayır. Yekunda da, müasir gənclərin streslə mübarizəsi yalnız fərdi deyil, həm də ictimai məsələdir. Bu istiqamətdə vaxtın düzgün idarə olunması, məqsədli fəaliyyət planının qurulması və sağlam həyat tərzinin təşviqi mühüm əhəmiyyət daşıyır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə