Tarixi görüşün böyük nəticələrini çıx qısa zamanda görəcəyik - MÜNASİBƏT BİLDİRİLDİ

“Mayın 19-da Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilməsi, dövlətimizin başçısının orada verdiyi açıqlamalar, mesajlar kifayət qədər önəmli məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.



Elşad Məmmədli sözlərinə belə davam edib: “Öncə onu qeyd edim, bilirsiniz ki, bu görüşdən bir neçə saat sonra İbrahim Rəisi digər İran rəsmilərilə birgə helikopter qəzasına düşdü və dünyasını dəyişdi. Çox üzücü hadisədir. Həyatda belə gözlənilməz faciələr qaçılmazdır və bu da bir qismətdir.
Rəisi ilə görüşdə prezidentlərin verdiyi mesajlar, açıqlamalar təbii ki, şəxsi fikirlər deyil, dövlətin birbaşa mövqeyidir. Bu baxımdan qeyd etməliyik ki, İbrahim Rəisidən sonrakı dönəmdə də 19 mayda kontrları bəyan edilən siyasət və sıx əməkdaşlıq davam edəcək.

Bir incə məqamı da qeyd edək ki, de-fakto İranın siyasətini ali dini lider müəyyənləşdirir. Bu baxımdan İranın yeni prezidenti olacaq şəxs də, ona qədər dövləti idarə edən şəxslər də məhz 19 mayda Azərbaycanla bağlı bəyan edilmiş siyasəti davam etdirəcəklər.
19 mayda “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının işə salınması tədbirin özünə gəlincə, Azərbaycan Prezidenti çox aydın mesajlar və məlumatlar verdi:
Xüsusilə qeyd etdi ki, bu gün çox əlamətdar bir gündür.

Bilirik ki, müəyyən bir dövrdə İranda Azərbaycanla dostluğu korporativ maraqları naminə pozmağa çalışan qüvvələr müxtəlif təxribatlar törətdilər. Lakin artıq onlar meydan qazana bilmədilər və Azərbaycan Prezidenti “Bu gün keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb” deməklə, bədxahların arzusunu gözündə qoydu.

Dövlət başçımızın “Bugünkü mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək” deməklə, bəyan etmiş oldu ki, Azərbaycan bütün davranışlarında səmimidir, mütərəqqi regional siyasətinə sadiqdir.

Prezident açıq şəkildə dedi ki, bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Bu, kifayət qədər aydın mesajdır və dövlətimizin bölgənin əmin-amanlığı üçün əlindən gələn hər şeyi etməsinin bariz nümunəsidir.
Təbii, İranla münasibətlərin inkişafı kontekstində nəqliyyat dəhlizlərində, energetika sahəsində sıx əməkdaşlıq böyük perspektivlər vəd edir. Bunlar bölgənin sabitliyi və inkişafı üçün mühüm faktorlardır.
Prezident heç də təsadüfən demədi ki, İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı da çox müsbətdir.

Hesab edirəm ki, bu tarixi görüşün böyük nəticələrini çıx qısa zamanda görəcəyik.
Əlbəttə, bu mərhələnin yetişməsi, İranla qeyd edilən əməkdaşlıq formatına keçid tamamilə yeni bir mərhələdir və bu, məhz Prezident İlham Əliyevin doğru siyasətinin nəticəsidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə