“AQEM Azərbaycanın qlobal iqtisadi əlaqələrdə strateji rolunu gücləndirdi” - DEPUTAT
"AQEM-in VII Zirvə Toplantısının başa çatdırılması həm də Azərbaycanın siyasi-diplomatik gücünün göstəricisidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, çünki AQEM beynəlxalq münasibətlər sistemində bu gün hələ formalaşmaqda olan, tam təsisatlaşma baxımından bir beynəlxalq təşkilatdır: "Amma Azərbaycanın iki il AQEM-ə rəhbərlik etməsi bu təşkilatın həm institusional, həm də funksional kontekstdə əhəmiyyətini xeyli dərəcədə artırmışdır. Ona görə də növbəti iki il üçün də təşkilata sədrliyin Azərbaycana həvalə edilməsi Azərbaycanın beynəlxalq təşkilatlara rəhbərlik təcrübəsinin AQEM kontekstində də zənginləşdirilməsinə və AQEM-in səmərəliliyinin artırılmasına hesablanmış bir addımdır.
AQEM Zirvə Toplantısında, əlbəttə ki, bəlli oldu ki, bizim üçün çox uzaq olan bəzi coğrafiyalar əslində bizə çox yaxındır. Məsələn, Cənub-Şərqi Asiya ölkələri olan Laos, Kamboca, Mərkəzi Asiya ölkələri, Yaxın Şərqin digər ölkələri, Afrikaya qədər uzanan, Misirə qədər çatan bu böyük coğrafiyada yerləşən ölkələr çox böyük iqtisadi potensiala malikdirlər və bu iqtisadi potensialın reallaşması üçün məhz indi yeni imkanlar yaranıbdır.
Bu imkanlar nə ilə bağlıdır? Bu coğrafiyalar arasında körpü rolunu oynaya biləcək Azərbaycanın strateji mövqeyi ilə bağlıdır. Yəni Laos və Kambocanın Çinlə nəqliyyat inteqrasiyası kifayət edir ki, Çindən birbaşa Azərbaycana və Avropaya çıxış imkanları əldə etsinlər. Ya da eyni ölkələrin, Mərkəzi Asiya ölkələrinin Azərbaycanla birləşməsi kifayət edir ki, onlar Ağdəniz vasitəsilə Misirə, Ərəbistan yarımadasına qədər uzanan nəqliyyat dəhlizinə malik olsunlar.
Bütün bunlar əslində qlobal layihələrdir və mənə elə gəlir ki, bu, çox əhəmiyyətli bir hadisə kimi həm Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rolla bağlı, həm də AQEM-in beynəlxalq təşkilat kimi hansı perspektivlərə malik olması ilə bağlı yeni imkanlar yaratmış oldu.
İkinci mühüm hadisə Azərbaycan Prezidentinin AQEM-də çıxışı zamanı verdiyi mesajlardır. Azərbaycan Prezidenti xalqımızın mental keyfiyyətlərini, milli psixologiyasını, mənəvi xarakterini 45 günlük müharibə ilə əlaqələndirərək və eyni zamanda 30 illik işğal dövrü ilə də əlaqələndirərək dünya ictimaiyyətinə yenidən təqdim etdi və bu keyfiyyətlərin nə dərəcədə ali olduğunu dilə gətirərək məhz Azərbaycan xalqının bu keyfiyyətlərlə erməni faşizminə qalib gəldiyini söylədi.
Məncə, bu, sadəcə, Azərbaycan xalqının mental dəyərlərinin dünyaya yenidən təqdimatı deyildi. Həm də bu dəyərlərin xatırladılması və gənc nəslin bu dəyərlər əsasında böyüməsi üçün edilən bir çağırış idi.
Ən mühüm məsələ isə odur ki, Azərbaycan Prezidenti erməni faşizmi üzərində qələbəmizdən sonra məhz erməni faşistlərini mühakimə etməyimizi Nürnberq məhkəməsinin, Nürnberq tribunalının Azərbaycan analoqu kimi xarakterizə etdi. Bu müqayisə əslində çox aydın və izahedici bir müqayisədir: Nürnberqdə nasist Almaniyasının faşistləri üzərində mühakimə aparıldı, bu dəfə isə erməni faşizmi üzərində. Yəni burada faşizmin identifikasiyası hadisəsi vardır.
Ona görə də mən düşünürəm ki, AQEM Zirvə Toplantısı AQEM-ə üzv olan ölkələrlə Azərbaycan arasında gələcəkdə yeni iqtisadi əlaqələrin inkişaf perspektivlərini də müəyyən etmiş oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB