“Füzuli Böyük Qayıdışın, azadlığın və müasir inkişafın rəmzinə çevrilir” -DEPUTAT DANIŞDI

“Füzuli Böyük Qayıdışın, azadlığın və müasir inkişafın rəmzinə çevrilir” -DEPUTAT DANIŞDI

“17 Oktyabr – Füzuli şəhəri günü xalqımızın tarixi yaddaşında xüsusi yeri olan, qəhrəmanlıq salnaməmizin parlaq səhifələrindən birini təşkil edən əlamətdar gündür. Bu gün Azərbaycan xalqının Vətən sevgisinin, sarsılmaz iradəsinin, Müzəffər Ordumuzun gücünün və dövlətimizin qətiyyətli siyasətinin təntənəsidir”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, 1993-cü ildə Füzuli şəhərinin və rayonun böyük hissəsinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilməsi minlərlə soydaşımızın doğma yurdlarından didərgin düşməsinə, tarixi və mədəni irsimizin dağıdılmasına səbəb oldu:

”İşğal illərində Füzulinin yaşayış məntəqələri, tarixi abidələri və infrastrukturu ciddi dağıntılara məruz qaldı.

Bununla belə, xalqımız doğma torpaqlarına qayıdacağına olan inamını heç vaxt itirmədi. Azərbaycan dövləti ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını əsas məqsəd kimi müəyyənləşdirdi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, güclü iqtisadiyyatın və müasir ordunun formalaşdırılması bu tarixi Zəfərin əsasını qoydu.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, ordumuzun yüksək döyüş qabiliyyətini və əsgər-zabitlərimizin misilsiz qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Füzuli uğrunda gedən döyüşlər müharibənin ən ağır və strateji baxımdan mühüm mərhələlərindən biri oldu. Düşmənin illərlə qurduğu istehkamların yarılması, mürəkkəb müdafiə xətlərinin aşılması Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bir daha təsdiqlədi.

Bu gün Füzuli şəhəri işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin mühüm mərkəzlərindən biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, yol-nəqliyyat, enerji və digər infrastruktur layihələrinin həyata keçirilməsi Füzulinin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Bu gün Füzulidə aparılan quruculuq işlərinin ən mühüm məqsədi doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın təhlükəsiz və layiqli yaşayış şəraitində öz evlərinə qayıtmasını təmin etməkdir. 2023-cü ilin avqustundan etibarən şəhərə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması Böyük Qayıdış Proqramının mühüm mərhələlərindən biridir. Hər bir ailənin doğma torpağına qayıtması, hər bir evdə yenidən həyatın canlanması dövlətimizin həyata keçirdiyi siyasətin humanist mahiyyətini nümayiş etdirir.

Füzulinin dirçəlişi, eyni zamanda, Azərbaycanın beynəlxalq əməkdaşlıq əlaqələrinin və dostluq münasibətlərinin təzahürüdür. Qardaş Özbəkistanın təşəbbüsü ilə şəhərdə Mirzə Uluqbəy adına orta məktəbin, Qazaxıstanın dəstəyi ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilməsi türk dünyasının həmrəyliyinin, ortaq tarixi köklərimizin və sarsılmaz qardaşlığımızın parlaq nümunəsidir. Bu layihələr azad edilmiş torpaqlarımızın gələcəyinə, təhsilə, mədəniyyətə və gənc nəslin inkişafına verilən töhfələrdir.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi insanların təhlükəsizliyinə və bərpa prosesinə ciddi maneə olaraq qalır. Füzulinin minalardan təmizlənməsi, infrastrukturun tam bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz yaşayışının təmin olunması dövlətimizin qarşısında duran prioritet vəzifələrdəndir. Ermənistanın işğal dövründə törətdiyi dağıntıların və vurduğu ziyanın beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsi, məsuliyyət məsələsinin diqqətdə saxlanılması da mühüm əhəmiyyət daşıyır.

Füzuli bu gün dirçəlişin, doğma yurda qayıdışın, azadlığın rəmzidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı nəticəsində şəhərimiz yenidən canlanır, müasir infrastruktur qurulur, insanların öz doğma torpaqlarında təhlükəsiz və firavan yaşaması üçün hər cür şərait yaradılır.

17 Oktyabr – Füzuli şəhəri günü münasibətilə bütün füzulililəri, eləcə də bu əlamətdar günü qürurla qeyd edən hər bir həmvətənimizi ürəkdən təbrik edirəm. Füzulinin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə