Bu günədək Füzuli şəhərinə 3 153 nəfər - 827 ailə qayıdıb.
Bu barədə SİA-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, şəhərdə yaşayış komplekslərinin tikintisi ilə yanaşı, sosial infrastruktur da inkişaf etdirilir. Şəhərdə özbək xalqının hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına tam orta məktəb, 240 yerlik uşaq bağçası və qazax xalqının hədiyyəsi olan, 600 uşaq üçün nəzərdə tutulmuş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verilib.
Məlumata əsasən, 2020-ci ildə işğaldan azad edilmiş Füzuli bu gün müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur və "Böyük Qayıdış"ın mühüm rəmzlərindən birinə çevrilir.
"Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı"na əsasən, şəhərin ərazisinin 1 943 hektara, əhalisinin 50 min nəfərə, yaşayış fondunun isə 1,52 milyon kvadratmetrə çatdırılması nəzərdə tutulur. Burada yaşayış məhəllələri, ictimai məkanlar, sosial və nəqliyyat infrastrukturu vahid şəhərsalma konsepsiyası əsasında formalaşdırılır.
"Nəqliyyat infrastrukturunun inkişafı istiqamətində də mühüm layihələr həyata keçirilib. Cəmi 8 ay ərzində uçuşları qəbul etməyə hazır vəziyyətə gətirilən Füzuli Beynəlxalq Hava Limanı regionun strateji nəqliyyat obyektlərindən birinə çevrilib. Uzunluğu 101 kilometr (km) olan Zəfər yolu, 81,7 km-lik Əhmədbəyli–Füzuli–Şuşa və 12,3 km-lik Füzuli–Hadrut avtomobil yolları inşa edilərək Füzulinin Qarabağın digər şəhər və rayonları ilə nəqliyyat əlaqələrini gücləndirir, regional infrastrukturun inkişafına töhfə verir", - Komitədən bildirilib.
Məlumata görə, rayonun su təsərrüfatı infrastrukturu da bərpa olunur. Ümumi tutumu 15,5 milyon kubmetr olan üç su anbarından ibarət Köndələnçay su anbarları kompleksi 6 200 hektar kənd təsərrüfatı torpağının suvarılmasına imkan yaradır. Bununla yanaşı, Füzuli rayonunun kəndlərində də yaşayış evlərinin və müasir infrastrukturun tikintisi davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB