Azərbaycanın müxtəlif ölkələrlə tarixi əlaqələri regional əməkdaşlığın inkişafına zəmindir -RAMİN MƏMMƏDOV

Azərbaycanın müxtəlif ölkələrlə tarixi əlaqələri regional əməkdaşlığın inkişafına zəmindir -RAMİN MƏMMƏDOV

Azərbaycanın Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tarixi, mədəni və mənəvi əlaqələri dinlərarası harmoniyanın, regional əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaradır.

SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) çıxışında deyib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə diqqət çəkib.

R.Məmmədov milli-mənəvi dəyərlərin qorunması, dini maarifləndirmə və gənclərin radikalizmdən müdafiəsinin əhəmiyyətini, bu kontekstdə Azərbaycan İlahiyyat İnstitutunun ixtisaslı mütəxəssislərin hazırlanmasında və gənclər arasında radikalizmə qarşı dayanıqlılığın gücləndirilməsində rolunu qeyd edib.

Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq ənənələrindən bəhs edən Komitə sədri müxtəlif dini icmaların ölkədə əsrlər boyu sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarından danışıb. O, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun işğaldan azad edilmiş ərazilərdə tarixi, mədəni və dini abidələrin bərpası və mühafizəsi istiqamətində gördüyü işləri diqqətə çatdırıb.

Müasir dövrdə ekstremizm, dözümsüzlük və zərərli ideoloji təsirlərin yaratdığı çağırışlara toxunan R.Məmmədov bu təhdidlərin qarşısının alınmasında dövlətlərin və dini institutların birgə məsuliyyətini önə çəkib. Mənəvi dəyərlərin yaşadılmasının və ideoloji dayanıqlılığın gücləndirilməsinin vacibliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə