Füzulinin işğaldan azad olunması: tarixi Zəfərdən Böyük Qayıdışa doğru -DEPUTAT DANIŞDI

Füzulinin işğaldan azad olunması: tarixi Zəfərdən Böyük Qayıdışa doğru -DEPUTAT DANIŞDI

“Füzuli şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsidir. 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusunun Füzuli şəhərini işğaldan azad etməsi ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində atılan tarixi addımlardan biri kimi yadda qalıb. Bu hadisə yalnız hərbi qələbə deyil, həm də uzun illər doğma yurdlarından ayrı düşmüş insanların qayıdış ümidlərinin gerçəkləşməsi, milli iradənin və dövlət suverenliyinin təntənəsi idi”.
Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Füzuli şəhəri 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi:

”İşğal dövründə şəhər və rayonun yaşayış məntəqələri dağıntılara məruz qalmış, infrastruktur sıradan çıxarılmış, minlərlə insan öz doğma yurdunu tərk etmək məcburiyyətində qalmışdı. Uzun illər davam edən məcburi köçkünlük insanların həyatında dərin sosial və mənəvi izlər buraxmış, doğma torpaqlara qayıdış arzusu bütöv bir nəslin əsas hədəflərindən birinə çevrilmişdi. 2020-ci il oktyabrın 17-də Füzulinin azad edilməsi bu tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələ oldu.

Füzulinin azad olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və xalq-ordu birliyinin nəticəsi kimi qiymətləndirilir. Azərbaycanın müstəqillik tarixində ərazi bütövlüyünün təmin olunması prioritet istiqamətlərdən biri olub. Bu məqsədlə ölkənin müdafiə potensialının gücləndirilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, müasir silah və texnologiyaların əldə edilməsi, müdafiə sənayesinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Paralel olaraq, beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünün tanınması və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli məsələsi daim gündəmdə saxlanılıb.

Prezident İlham Əliyevin siyasi fəaliyyətində Azərbaycanın milli maraqlarının qorunması, suverenliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası əsas istiqamətlərdən biri olub. 2020-ci ildə başlanan Vətən müharibəsi dövlətin uzun illər ərzində formalaşdırdığı hərbi və siyasi strategiyanın həlledici mərhələsi kimi tarixə düşdü. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi uğurlar işğal altındakı ərazilərin azad edilməsinə, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin təmin olunmasına imkan yaratdı. Füzulinin azad edilməsi də bu prosesin mühüm tərkib hissəsi olmaqla, sonrakı hərbi əməliyyatların gedişinə ciddi təsir göstərdi.

Füzuli şəhəri coğrafi mövqeyinə və nəqliyyat əlaqələri baxımından əhəmiyyətinə görə strateji ərazilərdən biridir. Şəhərin azad edilməsi Azərbaycanın cənub istiqamətində hərbi əməliyyatlarının inkişafı üçün mühüm imkanlar yaratdı. Bu qələbə Azərbaycan hərbçilərinin peşəkarlığını, əzmini və Vətən uğrunda mübarizə iradəsini nümayiş etdirdi. Eyni zamanda, Füzulinin azad olunması işğal altındakı digər ərazilərin azad edilməsinə aparan yolun mühüm mərhələlərindən biri oldu. Bu tarixi hadisə şəhidlərimizin qanı bahasına əldə edildi və Vətən müharibəsində iştirak edən hər bir hərbçinin fədakarlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

Füzulinin azad edilməsindən sonra qarşıda duran əsas vəzifə dağıdılmış şəhərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Bu proses yalnız fiziki infrastrukturun yenilənməsini deyil, həm də iqtisadi fəallığın bərpasını, sosial xidmətlərin təşkilini, məşğulluq imkanlarının yaradılmasını və əhalinin təhlükəsiz yaşayış şəraitinin təmin olunmasını əhatə edir.

Füzuli Beynəlxalq Hava Limanının inşası bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Hava limanının təməli 2021-ci il yanvarın 14-də qoyulub, həmin il oktyabrın 26-da isə açılışı olub. Qısa müddətdə inşa edilən bu strateji nəqliyyat obyekti Qarabağın ölkənin digər bölgələri və xarici ölkələrlə əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hava limanı həm bölgəyə səfərlərin asanlaşdırılmasına, həm də gələcəkdə iqtisadi və turizm potensialının inkişafına xidmət edir.

Bununla yanaşı, Füzulidə avtomobil yollarının, elektrik təchizatı sistemlərinin, su təsərrüfatı obyektlərinin və digər kommunal infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülüb. Zəfər yolu və digər avtomobil yolu layihələri bölgənin nəqliyyat əlçatanlığını artırır, yaşayış məntəqələri arasında əlaqələri gücləndirir. Təhsil və mədəniyyət obyektlərinin inşası isə şəhərin sosial həyatının dirçəldilməsinə xidmət edir. Özbəkistan tərəfindən Füzulidə 960 şagird yerlik məktəbin inşa edilməsi, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması Azərbaycanın dost və tərəfdaş ölkələrlə əməkdaşlığının azad edilmiş ərazilərin bərpasında təzahürüdür.

Füzulinin yenidən qurulması Böyük Qayıdış proqramının əsas istiqamətlərindən biridir. 2023-cü il avqustun 18-də Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması uzun illər doğma yurd həsrəti ilə yaşayan insanlar üçün tarixi hadisəyə çevrildi. Bu qayıdış yalnız insanların əvvəlki yaşayış yerlərinə köçürülməsi deyil, həm də ailələrin yenidən bir araya gəlməsi, uşaqların doğma şəhərlərində təhsil alması, insanların öz torpaqlarında əmək fəaliyyəti ilə məşğul olması və milli-mədəni həyatın bərpası deməkdir.

Böyük Qayıdış siyasətinin uğurlu həyata keçirilməsi üçün infrastrukturun qurulması ilə yanaşı, iqtisadi imkanların genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və sosial xidmətlərin əlçatanlığının təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır. Müasir şəhərsalma prinsipləri əsasında qurulan Füzulinin gələcəkdə regionun iqtisadi, sosial və mədəni inkişafında mühüm mövqeyə malik olması nəzərdə tutulur. Bu baxımdan, görülən işlər təkcə keçmişin dağıntılarının aradan qaldırılması deyil, həm də gələcək nəsillər üçün dayanıqlı inkişaf modelinin formalaşdırılması məqsədi daşıyır.

Füzulinin taleyi Azərbaycanın digər işğaldan azad edilmiş ərazilərinin taleyi ilə sıx bağlıdır. Bu torpaqlarda aparılan bərpa işləri ölkənin iqtisadi potensialının genişləndirilməsi, regional inkişafın sürətləndirilməsi və əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından mühüm imkanlar yaradır. İşğal dövründə dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, tarixi və mədəni abidələrin qorunması, ekoloji tarazlığın bərpası dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Bu prosesin nəticələri gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın ümumi inkişafına daha geniş töhfə verməsinə şərait yaradacaq.

17 oktyabr tarixi həm də şəhidlərimizin əziz xatirəsinə ehtiram günüdür. Füzulinin azadlığı uğrunda canından keçən qəhrəmanların fədakarlığı Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Onların mübarizəsi nəticəsində bu gün vaxtilə işğal altında olmuş torpaqlarda Azərbaycan bayrağı dalğalanır, yeni şəhərlər salınır, məktəblər, yollar və digər sosial obyektlər inşa edilir. Bu reallıq hərbi qələbənin sülh dövründə quruculuq və inkişaf mərhələsi ilə tamamlandığını göstərir.

Füzuli şəhərinin işğaldan azad olunmasının ildönümü Azərbaycan tarixində milli iradənin, dövlət suverenliyinin və tarixi ədalətin bərpasının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ərazi bütövlüyünün bərpasından sonra azad edilmiş ərazilərin yenidən qurulması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı işlər görülür. Füzuli bu gün dağıntılardan dirçəlişə, məcburi köçkünlükdən doğma yurda qayıdışa və müharibənin ağır nəticələrindən müasir inkişaf mərhələsinə keçidin nümunələrindən biri kimi diqqət çəkir. Şəhərin azad olunması ilə başlanan tarixi mərhələnin əsas məqsədi burada həyatın tam bərpası, insanların təhlükəsiz və firavan yaşayışının təmin edilməsi, milli-mədəni irsin qorunması və gələcək nəsillərə güclü Azərbaycan mirasının ötürülməsidir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə