Ailə münaqişəsi zəminində 9 389 sayda hüquqazidd əməlin qarşısı alınıb

Ailə münaqişəsi zəminində ötən il Daxili İşlər Nazirliyinə daxil olmuş məlumatlar üzrə görülən operativ cavab tədbirləri ilə 9 389 hüquqazidd əməlin qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə məlumat Milli Məclisin mayın 20-də keçirilən komitə iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə hesabatında öz əksini tapıb.

Beləliklə, məişət zorakılığı ilə bağlı 1 482 cinayət törətmiş 1 386 (1298 kişi, 88 qadın) şəxs məsuliyyətə cəlb olunub. Bu hüquqazidd əməllər nəticəsində 1 513 zərərçəkmiş şəxs (qadın ‐ 1 224, kişi ‐ 289) müəyyən edilib.

Statistik rəqəmlər göstərir ki, məişət zorakılığı ilə bağlı cinayət törətmiş şəxslərin əksəriyyəti kişilər, zərərçəkmiş şəxslərin isə çoxu qadınlar olub.

Məişət zorakılığı zəminində törədilən cinayətlərdən 1 236‐sı qəsdən sağlamlığa yüngül zərər vurma, 88‐i qəsdən sağlamlığa az ağır zərər vurma, 62‐i qəsdən adam öldürmə, 49‐u qəsdən sağlamlığa ağır zərər vurma, 18‐i adam öldürməyə cəhd, 6‐sı əzab vermə, hərəsi 2 fakt olmaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, qanunsuz azadlıqdan məhrum etmə, hərəsi bir fakt olmaqla özünü öldürmə həddinə çatdırma, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, 16‐ sı digər növlərdir. Həmin cinayətlərdən biri təkrar törədilib.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2023 cü ildə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub. Müraciət edənlərin 27‐si kişi, 478‐i qadın, 328‐u uşaq, 9‐u əlil, 1‐i ahıl, 2‐ si miqrant olub.

Zorakılıq törədənlərin isə 497‐ni kişi, 133‐nu qadınlar təşkil edib.

Məişət zorakılığı halları cəmiyyətin inkişafına, dövlətin ailə institutuna mənfi təsir göstərməklə bərabər, ailələrin dağılmasına səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə