“Qidalanma bağçaların iş saatlarına görə təmin edilir” - AGENTLİK

Uşaq bağçalarında ərzaqların keyfiyyəti, ərzaq çatışmazlığı və gigiyena qaydalarına riayət olunmadığı ilə bağlı önəmli məsələlər zamanla gündəmə gəlir. Onu da qeyd edək ki, bu cür iddialarla ən çox uşaq bağçalarının yerli icra hakimiyyəti orqanlarının tabeliyində olduğu vaxtlarda rastlaşırdıq.

Məsələ ilə bağlı məlumat əldə etmək üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət etdik.

Qurumdan SİA-nın sorğusuna cavab olaraq bildirildi ki, məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir və təşkil edilir. Qidalanma gün ərzində bağçaların iş saatlarına görə təmin edilir.

Mövcud normalara əsasən zülal, karbohidrat, mineral və vitaminlərin balansı gün ərzində menyuda nəzərdə tutulan qidalara görə tənzimlənir. Uşaqların hansı qidalara allergik olmaları ilə bağlı valideynlərlə dəqiqləşdirmələr aparılır və qidalanma zamanı bu amillər nəzərə alınır. Kənardan qidanın gətirilməsinə icazə verilmir və bağça heyəti bununla bağlı mütəmadi maarifləndirilir.

Bildiririk ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə əməkdaşlığı çərçivəsində paytaxt Bakıda və regionlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin 1600-ə yaxın müdir, aşpaz və aşpaz köməkçiləri üçün təlimlər keçirilir. Təlim iştirakçıları müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi və digər məsələlər barədə məlumatlandırılır.

Təlimlərlə yanaşı məktəbəqədər təhsil müəssisələrində sanitariya-gigiyena və qida təhlükəsizliyi ilə bağlı tələblərə riayət olunub-olunmamasına dair monitorinqin aparılması nəzərdə tutulur. Bu ilin sonunadək paytaxt və bölgələrdə 450 bağçada sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyinin təmin olunması ilə bağlı fəaliyyətlərin icrası gözlənilir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə