Ali dərəcəli mama-ginekoloq, Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin həkimi Nailə Əzizovanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:
- Azərbaycanda abort sayı hansı səviyyədədir? Hər ay abort etdirmək üçün nə qədər xanım müraciət edir?
- Əfsuslar olsun ki, xanımlar arzuolunmaz hamiləlikdən qorunmaq metodlarını yaxşı bimədikləri üçün Azərbaycanda abortların sayı yüksəkdir. Faizlə hesablasaq mən deyərdim ki, biz birinci üçlükdəyik.
- Axı bir ana övladını niyə öldürmək istəsin?
- Mən deyərdim ki, abort və bir ananın övladını öldürməsi eyni prosesdir. Hətta bunları sinonim adlandırardım. Səbəbi odur ki, arzuolunmayan hamiləlikdən qorunmaq üsulunu bilməyən qadınlarımız hamilə qalır. Ya ailədə maddi sıxıntıları olduğu üçün ikinci övladını dünyaya gətirmək istəmirlər. Əksər hallarda da “Qızdır, istəmirəm” deyərək abort etdirmək istəyirlər. Abortun ən başlıca səbəbi bunlardır.
- Ən çox aborta niyə müraciət edirdilər? Abort üçün nəyi əsas gətirirlər?
- Abortun çox nadir hallarda səbəbi inkişaf halları ve genetik qüsurlardır. Bunlar da tibbi göstəriş üzrə abortlardır.
- Yəni övladın qüsurlu doğulacağı ehtimalı, yoxsa cinsiyyətə görə abort etdirilir?
- Mən deyərdim ki, hər iki halda aborta müraciət edilir. Azərbaycanda səhiyyə sistemi günü-gündən inkişaf edir. Bu gün müraciət edən xanımlar ən son model cihazlarla ultrasəs müayinədən keçirilir. Bu cihazlar uşaqda olan qüsurları vaxtında aşkar etməyə imkan verir.
Əfsuslar olsun ki, son dövrdə qohum nikahları çox geniş yayılıb. Buna görə də bu müayinələrə tez-tez müraciət edirik. Belə hallarda qüsurlu döllərə daha çox rast gəlinir. Amma etiraf etmək lazımdır ki, abortların faizində cinsiyyətə görə də müraciətlər çox olur. 30 faiz hallarda abort qüsurlu dölə görə etdirilirsə, 70 faiz hallarda döl qız olduğu üçün abort etdirilir.
- Bəs tərəflər arasında nikahın olmaması abort faizində nə qədər rol oynayır?
- Mən də öz təcrübəmdə nikahdan kənar abortlara rast gəlirəm. Amma Azərbaycan demokratik respublika olduğuna və aborta müraciət etmiş hər bir qadın həddi-bülua çatdığına görə abort bir cərrahi prosesdir. Onlar öz rəsmi razılığını verdiyi və 9 həftəsinə qədər könüllü olduğuna görə bu xanımlar abort etdirə bilərlər. Yəni nikahın burada önəmi yoxdur.
- Abort risklidirmi?
- Təəssüf ki, qadınlar aborta riskli bir proses kimi baxmırlar. Birincisi abort cərrahi bir prosesdir. Hər bir abort zamanı həmin qadının müxtəlif növ infeksiyaya yoluxma ehtimalı var. Bura qan xəstəlikləri və s. aiddir. Mən hər bir hamiləmə tövsiyə edirəm ki, əgər hamiləlik planlaşdırırsa, stamotoloqdan tutmuş terapevtə qədər müayinədən keçsin. Bütün bunlar həllini tapdıqdan sonra planlı hamiləliyə qərar versin.
- Neçənci aydan sonra abort etdirmək olmaz? İlk uşağın abort edilməsi qadının yenidən ana olmasını hansı hallarda riskə atır?
- Ümumiyyətlə 7-9 həftəyə qədər könüllü olaraq uşaq istəməmə faktorunu nəzərə alıb abort etdirmək ambulator şəraitdə mümkündür. 9-12 həftə arasında yenə də könüllü olaraq uşaq istəməmə halları varsa, stasionar şəraitdə hər bir qadın abort oluna bilər. 12 həftədən o yana abort olunma qadağandır. Bu yalnız ana və uşaq tərəfindən risk faktorları varsa, bunlar yazılı surətdə öz əsasını tapırsa, bu zaman həmin qadınlar tibbi göstəriş üzrə erkən və gecikmiş aborta məruz qala bilərlər.
Bu yalnış fikirdir. Çünki indi diaqnostikamız inkişaf edib. Erkən hamiləlik əgər 9 həftəsinə qədər vakum aspirasiya yolu ilə baş verərsə, heç bir fəsad olmur. Fəsad olmaması üçün tədbirlər görülür. İlk abort çox nadir hallarda sonsuzluğa səbəb ola bilər.
Təcrübəmə əsasən deyə bilərəm ki, pasientlərim arasında inkişafdan qalmış və qüsurlu döl olduqda hamiləliyi pozub müalicə etmişəm. Daha sonra bu qadınlar heç bir əngəl olmadan təbii yolda hamilə qalıblar.
- Uşaqlar arasında minimum neçə il fərq olmalıdır və bunun əsası nəyə dayanır?
- Ümumiyyətlə elm sübut edib ki, keysəriyyə və təbii yolla olmasından asılı olmayaraq hər bir qadın uşaq dünyaya gətirdikdən sonra həmin orqanizm hamiləlik və doğuş zamanı itirdiyini üç ilə bərpa edir. Ona görə yaxşı olar ki, heç bir problem olmadığı halda hər bir qadın üç ildən bir uşaq dünyaya gətirsin.
- Birinci uşaqda düşük yaşayan qadın yenidən övlad sahibi olmaq üçün neçə il gözləməlidir? Əgər qadın ilk düşükdən bir neçə ay sonra hamilə qalarsa, uşaqda nə kimi fəsadlar özünü göstərə bilər?
- İl gözləməli deyil. Əgər birinci hamiləlikdə düşük olubsa, həkimə müraciət etməli, səbəb araşdırılmalı və qan analizləri verilməlidir. Bunun infeksion, endokrin, genetik, nevroloji, vitamin çatmazlığı kimi səbəbləri var. Bunlar həll olunduqdan sonra növbəti hamiləliyə start verilə bilər. Səbəblər aradan götürülməyibsə təkrar düşük yarana və vəziyyət gərginləşə bilər.
- Bəzi ailələr övladları qız olacaq deyə aborta üz tuturlar. Hətta kişilər var ki, oğulları olmur deyə qadından boşanırlar. Övladın cinsiyyətində qadın, yoxsa kişi genləri rol oynayır?
- Mən belə hallara yol vermərəm. Bu məsələ ilə bağlı müraciət olunarsa, ər-arvadı qarşıma qoyub onlara izah edirəm ki, kişi “x” qadın “x” birləşəndə qız övladı, kişi “y” qadın “x” ilə birləşəndə oğlan uşağı dünyaya gəlir. Yəni, cinsiyyəti kişi tərəf müəyyən edir. “Y”lər çox yüksək sürətə gedib tez məhv olmağa malikdir. Müəyyən profilaktik tədbirlər görülməlidir ki, oğlan uşağının yaranma ehtimalı artsın. Amerika tədqiqatçıları tərəfindən müəyyən olunan Benetton cədvəli var ki, onu tətbiq edirəm. Həmçinin, deyirəm ki, “Göydə Allah, yerdə qismətiniz”.
Eyni zamanda izah edirəm ki, bütün bu hallarda cinsiyyəti təmin edən tərəf kişidir. Ona görə artıq o vaxt deyil ki, qadınlar günahlandırılsın, boşanılsın, təhqir olunub şiddətə məruz qalsın.
- Aborta üz tutan vətəndaşlar üçün maarifləndirmə aparılırmı? Yəni bəzi xanımlar var ki, cinsi münasibətdə məlumatsız olurlar, onlara nə kimi tövsiyələr verirsiniz?
- Mənim müraciətim hər bir vətəndaşadır. Mən abort zamanı onu etməməyi tövsiyə edirəm. Bacardığım qədər onları bu fikirdən daşındırmaq istəyirəm. Əgər 7 həftəsinə qədərdirsə, abort edirəm. Onlara arzuolunmaz hamiləlik haqqında şamlar, prezervativlər, həblər, uşaqlıqdaxili vasitələr, implantlar, hormonal dərmanlar barədə məlumat verirəm. Abortun risk və fəsadları haqqında danışıram ki, bu məsələyə daha həssas yanaşsınlar.
- Abortlara erkən nikahlar da təsir edir. Gənc qızlarda lap erkən ailə qurmağa səbəb nədir? Bunu “cahil özgüvəni” adlandıra bilərik?
- Abortlara erkən nigahlar da təsir edir. Bu cahil özgüvənidir və müəyyən regionlarda geniş vüsət alıb. Amma 18 yaşa qədər erkən ailə quranlar artıq dövlətimizin qanunlarını bildiyi üçün həkimlərə müraciət etməyərək gizli iş çevirirlər. Əgər belə hamilə qadınlar doğum edərsə, biz dərhal polisə məlumat veririk. Polis də onlarla bağlı tədbir görüb araşdırma aparır.
- Təcrübənizə əsasən abort zamanı hansı riskli hallar yaşanıb?
- Öyünməyi sevmirəm, amma şəxsi təcrübəmdə abort zamanı riskli hal yaşanmayıb. Amma uzun müddət Abşeronda baş mütəxəssis olduğuma görə şöbəmdə çalışan həkimlərdə belə fəsadlar olub. Belə ki, onlarda qanaxmalar olub, qalıqlar qalıb, hətta cərrahi müdaxilələr də baş verib. Özümdə olmasa da belə xəstələrə kömək etmişəm.
Təəssüf ki, indi doğuşların çoxu keysəriyyə yolu ilə olur. Bu səbəbdən də uşaqlarda çapıq olur. Çapıq nəticəsində abort etmə riski daha yüksəkdir. Bəzən uşaqlığı çıxarmaq məcburiyyətində qalırıq. Nəticədə hətta ana ölümü ilə nəticələnən hallar baş verə bilir.
- Qeyri- peşəkar yerlərdə də abort edirlər. Bəs, siz bu barədə nə düşünürsünüz?
- Mənim fikrimcə, qeyri-peşəkar yerdə abort olmaz. Bu cinayətdir və həmin şəxslər müəssisə ilə birgə cinayət məsuliyyətinə cəlb edilməlidir.
- Bəs niyə qız uşaqlarına belə aqressiya?
- Mən qız uşağı olduğu üçün abort etdirmək fikrində olan xanımlara başa salmaq istəyirəm ki, statistika ilə 60 faiz oğlan, 40 faiz qız doğulur. Qızların sayı azdır. Cinsiyyət seçimi etməyin. Günümüzdə cinsiyyəti 7-8 həftədə müəyyən edən analiz var. Tövsiyə edirəm ki, fikriniz qətidirsə heçolmasa vaxtında bu testi etdirin.
- Niyə məhz qızları abort etdirirlər?
- Onlar gələcək qızlara təhsil verməyə, onları böyütməyə hazır olmadıqlarını bildirirlər. Ya da düşünürlər ki, qız uşağı ərə gedəcək tək qalacaq. Bunlar hamısı köhnə psixologiyadır. Onlar düşünür ki, qız uşağına zəhmət çəkmək mənasız bir fikirdir. Bu düzgün fikir deyil. Mən bu formada aborta gələn qadınlara deyirəm ki, “Aslanın erkəyi-dişisi olmaz”. Övladın xeyirlisi və xeyirsizi var. Allah adama xeyirli övlad versin. Qız ya oğlan fərq etməz. Özümü göstərirəm ki, “Baxın, mən də qızam. İstəməzdinizmi, sizin də mənim kimi qızınız olsun?!”. Bəlkə sizin abort edəcəyiniz o qız uşağı gələcəyin jurnalisti, həkimi, müəllimidir.
Qızları verən Allaha şükürlər olsun. Qızlar bizim gələcəyimiz, analarımız, xalqımızın təməli və davamçısıdır. Qızları sevək, qoruyaq və onları məhv etməyək.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə