Seçkilərə, yoxsa toqquşmaya? - RAKURS

Avropa İttifaqı Gürcüstanla bağlı hökm verdi

Gürcüstanda parlament seçkilərinə cəmi 9 gün qaldı. Əsəblər tarıma çəkilib, tərəflər qələbə üçün əsl savaşa çıxıblar. Siyasətçilər hətta bu seçkilərin Cənubi Qafqaz üçün həyati əhəmiyyətli hadisə kimi xarakterizə edirlər. Gürcüstanda tərəflərdən birinin qələbəsi o cəbhənin regiona hakimlik edəcəyini söyləyənlər də var. “Gürcü Arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvili bildirib ki, onun partiyası Tbilisinin “ləyaqətini qoruyaraq” Avropa İttifaqına daxil olması üçün lazım olan hər şeyə malikdir. “Cavab olaraq xarici qüvvələr hələ də müharibə, xaos və yoxsulluq istəyir, bu da ölkənin məhvinə gətirib çıxarır”, o qeyd edib. İvanişvili buna baxmayaraq, hələ də Aİ-yə qoşulmağa həvəsli kimi görünür, lakin Brüssel hər şeyi öz yerinə qoymağa hazırlaşır.

Reuters xəbər verir ki, oktyabrın 17-dən 18-dək Brüsseldə keçiriləcək Aİ sammiti zamanı Aİ liderləri Gürcüstan hakimiyyətinin öz ölkələrinin Avropaya inteqrasiyasını təhlükə altına atdığını söyləyəcəklər. Xatırladaq ki, Tbilisi 2023-cü ilin dekabrında Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb, sonra isə xarici agentlərə və cinsi azlıqlara qarşı bir sıra qanunlar qəbul edib. Eyni zamanda, respublika rəhbərliyi Qərbin “müharibə partiyasını” (konkret siyasətçilərin və ya onların ölkələrinin adını çəkmədən) Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışmaqda ittiham edir. Bu baxımdan Avropa dövlətlərinin başçıları Tbilisinin Moskva ilə yaxınlaşmağa doğru getdiyini bəyan edəcək və oktyabrın 26-na təyin edilmiş “azad və ədalətli parlament seçkiləri”nin keçirilməsini arzulayacaqlar.

Almaniya xarici işlər nazirinin müavini Anna Luhrmann da Avropa İttifaqında hökm sürən əhval-ruhiyyəni təsdiqləyib. Onun sözlərinə görə, Aİ gürcülərin Avropa istəklərini dəstəkləməkdə davam edəcək, lakin onların hazırkı hökumətini yox. “Gürcüstan xalqının öz yolunu sərbəst seçmək hüququna malik olması vacibdir. Ona görə də azad və ədalətli seçkilər həqiqətən vacib məsələdir”, - diplomat bildirib.

Bu bəyanatın sətirləri arasında müxalifətin qələbəsinə ümid bəsləmək asandır. Ona görə də bir il əvvəl “Gürcü arzusu”nun barışmaz rəqibinə çevrilən Gürcüstan prezidenti Salome Zurabişvili “Financial Times” qəzetinə müsahibəsində hadisələri qabaqcadan görmək, yəni öncəgörənlik etmək qərarına gəlib. Onun fikrincə, hakimiyyətdə olan partiya yalnız seçici saxtakarlığı yolu ilə qalib gələ bilər. Eyni zamanda o, 2012-ci ildən “Gürcü Arzusu”nun cəmiyyəti qütbləşdirmək və əhalini qorxutmaq siyasəti yürütdüyünü vurğulayıb.

“Rusiyada varlanan oliqarx Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü arzusu” hökumət rəsmilərinə ona səs verməyə təzyiq edir, müxalifət fəallarına hücum edir, jurnalistləri hədələyir və xaricdə yaşayan vətəndaşların səs verməsini çətinləşdirir”, - Zurabişvili vurğulayıb.

Öz növbəsində, Avropa diplomatiyasının rəhbəri Josep Borrell Gürcüstan hakimiyyətini avtoritarizmə doğru getməkdə ittiham edib. “Hakim partiyanın son hərəkətləri, bəyanatları və seçki vədləri ölkəni Avropa yolundan uzaqlaşdırır və avtoritarizmə doğru gedişi ifadə edir... Bilirsiniz ki, Avropa Komissiyası Avropanın maliyyə vəsaitlərinə çıxışla bağlı qərar qəbul edir. Ona görə də gəlin Gürcüstan demokratiyası və onun Avropaya inteqrasiyası üçün həlledici sınaq olacaq parlament seçkilərini gözləyək”, - Borrell bildirib.

Lakin “Gürcü arzusu” ümidsizliyə qapılmır. Məsələn, Tbilisinin meri Kaxa Kaladze bildirib ki, müasir Avropa İttifaqı SSRİ-dən heç nə ilə fərqlənmir, ona görə də ora inteqrasiyaya ehtiyac yoxdur. "Mədəniyyətimizdən və adət-ənənələrimizdən imtina etməliyiksə, Aİ-yə daxil olmağımızın nə fərqi var?" – mer bildirib. Bundan əlavə, baş nazir İrakli Kobaxidze seçicilərini Rusiya-Ukrayna münaqişəsi bitən kimi Avropa İttifaqı və ABŞ-ın onun hökumətinə münasibətini dəyişəcəklərinə inandırıb. “Bizim üçün bir şey vacibdir. Ukraynada döyüşlər bitən kimi – bu gələn il də olacaq – Aİ və ABŞ ilə münasibətlər bərpa olunacaq... Birinci cəbhə bitən kimi ikinci cəbhənin Gürcüstana marağı dərhal dayanacaq”, - Kobaxidze əmin edib.

Eyni zamanda, “Gürcü arzusu”nun nümayəndələri israr edirlər ki, onları seçicilərin təxminən 60%-i dəstəkləyir. Bu baxımdan, hakim elita müxalifətin seçkilərdə qələbə qazanacağına inanmır, lakin xəbərdarlıq edir ki, onların rəqibləri xarici tərəfdaşların dəstəyi ilə iğtişaş yarada bilər. Lakin təhlükəsizlik qüvvələri “Gürcü Arzusu”nun qələbəsini müdafiə edəcəkləri üçün onların sonu heç nə ilə bitməyəcək.

Bundan sonra qaliblər müxalifəti vətənə xəyanətdə ittiham edərək məhkəmə prosesini təşkil etmək arzusundadırlar. Artıq iqtidaryönlü ictimai təşkilatlar müxalifətə səs verməyə hazır olanları təqib etməyə çağırır. Məsələn, Birləşmiş Neytral Gürcüstan hərəkatı onları “övladlarını və ölkənin gələcəyini məhv etməkdə” ittiham edib. Düzdür, gürcülərin əksəriyyəti gələcək dəyişikliklərdən o qədər də narahat deyil. “Əgər siz mediadakı yazılara diqqət yetirməsəniz və siyasi fəallarla ünsiyyət qurmasanız, bir həftədən sonra ümumiyyətlə seçkilərin olmayacağını düşünə bilərsiniz. Bütün bu qütbləşmə və çevrilişə hazırlıq əsasən mediada baş verir. Eyni zamanda, insanların çoxu siyasətlə qətiyyən maraqlanmır”, - analitik Demuri Giorkhelidze bildirib.

Politoloq Nika Çitadze də onunla razılaşır. Onun sözlərinə görə, küçələrdə, əsasən, “Gürcü Arzusu” üçün seçki kampaniyası görünür, lakin ümumilikdə Tbilisidə siyasi aktivlik müşahidə olunmur. “Bazar günü paytaxtda müxalifətin kütləvi mitinqi keçiriləcək. Yəqin ki, o qədər adam olacaq ki, bütün mərkəz bağlanacaq. Amma bundan əvvəl nəzərə çarpacaq hərəkətlər olmayıb. Digər tərəfdən, iqtidaryönlü və müxalif siyasi fəallar seçkilərdən sonra toqquşmaya hazırlaşırlar”, - Çitadze deyir.

Bu arada adi gürcülər ayaqları ilə səs verirlər. Gürcüstan Milli Statistika Xidmətinin oktyabrın 15-də açıqladığı məlumatlara görə, 2014-cü ildən 2023-cü ilə qədər 815 608 nəfər ölkəni tərk edib. Eyni zamanda, 2022-ci ildə əhalinin xaricə axını 118 min nəfər, 2023-cü ildə isə demək olar ki, 163,5 min nəfər təşkil edib ki, bunun da 70 faizini 30 yaşa qədər olanlar təşkil edib. Ümumilikdə respublikada 3,7 milyondan az insan yaşayır.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə