Asiya-Sakit Okean Yayım Birliyi 61-ci Baş Assambleyası İstanbulda

Asiya-Sakit Okean Yayım Birliyi (ABU) Türkiyə Radio Televiziya Qurumunun (TRT) ev sahibliyində İstanbulda bir araya gəlir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

TRT-dən verilən məlumata görə, 18-23 oktyabr 2024 tarixləri arasında “Süni intellekt, yayım və cəmiyyət” başlığı ilə keçiriləcək 61-ci ABU Baş Assambleyasına 60-a yaxın ölkədən 400-dən çox yayım nümayəndəsi qatılacaq.

Beş gün davam edəcək tədbir çərçivəsində konfranslar və panellərlə yanaşı 13-cü ABU TV Mahnı Festivalı da baş tutacaq.

ABU prezidentliyini 2023-cü ildən bu yana icra edən TRT-nin baş direktoru Mehmet Zahid Sobacının iştirakı ilə keçiriləcək toplantılarda süni intellekt texnologiyalarının medianın gələcəyini necə formalaşdıracağı, rəqəmsallaşma prosesi və bu transformasiyanın ictimai aspektləri kimi mövzular müzakirə olunacaq.

13-cü ABU TV Mahnı Festivalı 20 oktyabrda İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında keçiriləcək.

Asiya-Sakit Okean bölgəsinin mədəni zənginliklərini nümayiş etdirəcək bu tədbir 11 ölkənin sənətçilərini eyni səhnədə bir araya gətirərək bölgənin musiqi müxtəlifliyinin tanıdılmasına töhfə verməyi hədəfləyir.

Türkiyəni Sinan Akçılın təmsil edəcəyi ABU TV Mahnı Festivalı TRT Müzik ekranlarından canlı yayımlanacaq.

Televiziya, radio və rəqəmsal media sahəsində 15 nominasiya üzrə keçirilən müsabiqənin qaliblərinə mükafatlar ABU mükafat mərasimində təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə