Bu gün Füzulidə əsl bayram abu-havası var - NAZİR

"Bu gün Füzulidə əsl bayram abu-havası var. Həm şəhərin işğaldan azad olunma günüdür, həm də burada beynəlxalq turnir təşkil edilir". SİA xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov işğaldan azad olunmuş Füzuli şəhərində ilk dəfə keçirilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turniri barədə jurnalistlərə açıqlamasında deyib.

O, təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib: "Daha əvvəl də Qarabağ bölgəsində beynəlxalq turnirlər keçirilib. Reqata isə ilk dəfədir Füzuli şəhərində təşkil olunur. Hazırda Azərbaycan iki böyük beynəlxalq yarışa - “TeamGym” üzrə 15-ci Avropa çempionatı və "Mingəçevir Reqatası"na evsahibliyi edir. Bu da ölkəmizdə idmanın ildən-ilə inkişafının göstəricisidir".

Nazir idmanın insanları bir araya gətirən önəmli sahə olduğunu vurğulayıb: "Hər kəs buradadır. Hiss olunur ki, iştirakçılar, izləyicilər xoşbəxtdirlər. Ümid edirik ki, gələcəkdə bu reqataya qatılan idmançıların sayında artım olacaq. Bilirsiniz ki, Bakı 2026-ci il üçün dünyanın idman paytaxtı seçilib. Federasiyalarla birlikdə yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik".

Qeyd edək ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə oktyabrın 18-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə