İordaniyalı rejissor humanizm dəyərlərinə belə bağlıdırsa, niyə Qarabağda ermənilərin dəmir borulara doldurub öldürdükləri azərbaycanlı körpələr barədə film çəkmir?
Zaman - zaman aktual olan bir məsələ barədə danışacam bu gün. Bütün dünyada müsəlmanların nədən birlik ola bilməmələri, məzhəblərə, dini qruplaşmalara, cahil hekayələrə bölünüb həmrəylik yerinə bir-birini didib parçalamaları nəhəng sual işarəsi kimi durub qarşımızda. Xüsuslə torpaqlarımızı 30 ildən çox işğal altında saxlayan, Qarabağdakı məscidlərimizə donuz və inəklər doldurub murdarlayan, azərbaycanlı körpələri diri-diri yandırıb oda atan ermənilərə bəzi müsəlman ölkələrinin qardaş kimi yanaşmaları bizdə ciddi etiraz yaradır.
Özü də bilə-bilə ki, ermənilər günahsız müsəlman körpələri oda qalayıb genosid törədir, islami dəyərləri video çarxlarda təhqir edib ələ salır, gedib onlarla əl sıxışırlar. Bunların müsəlman, haqq-ədalət “həmrəyili” budur. Bu cür münasibətə etiraz etməkdə tam haqlıyıq. Çünki 44 günlük müharibə zamanı qonşuluğumuzdakı müsəlman ölkəsinin rəsmi İrəvana yönəlik həmrəylik bəyanatlarını, o zaman Qarabağdakı erməni separatçılarına göndərilən silah dolu maşın karvanlarını yəqin ki, unutmamışıq və yaxşı xatırlayırıq. Özü də bu məsələdə bizim tam haqlı olduğumuz, terrora məruz qaldığımız halda qarşıdakı təcavüzkara müsəlman dəstəyini görmək bir başqa ağrıdır əlbəttə...
Bugünkü yazım iordaniyalı bir rejissorun erməni faşizminə haqq qazandıran filmi barədə olacaq. Çox təəssüflər olsun ki, erməni yalanlarının toruna bəzən müsəlman ölkələri də düşə bilir. Ermənilərin saxtakarlıq, şər şəbəkəsi İordaniya kimi ölkələrə qədər uzanır. Ermənistan mediası belə bir məlumat yayıb ki, İordaniya “Oskar”a təqdim etmək üçün “Artsax” haqqında sənədli film seçib. Sən demə, İordaniya 97-ci Akademiya Mükafatlarında “Ən Yaxşı Beynəlxalq Film” kateqoriyasında təqdim edilmək üçün erməni-iordaniyalı rejissor Sareen Hairabedianın "Mənim şirin torpağım” sənədli filmini seçib.
Sənədli film “amansız müharibənin” ortasında olan “Artsaxda” diş həkimi olmaq arzusunda olan 11 yaşlı Vrejedən bəhs edir. Separatçılığı alovlandırmağa xidmət edən və erməni terroruna haqq qazandırmağa çalışılan sənədli filmin qəhrəmanı kimi 11 yaşlı uşağın seçilməsi təsadüfi deyil. Bu, Azərbaycanı qaralamaq, “işğalda” suçlamaq üçün seçilən bir vasitədir. əlbəttdə bu işdə erməni diasporunun, onların əlindəki milyon dollarların təsiri açıqca sezilir. Bu işlərdə püxtələşmiş erməni diasporu Avopada olduğu kimi, Şərqdə də öz siyasətini reallaşdırır. Həttda müsəlmanların özlərini özlərinə qarşı çevirməklə!
Bizim də diaspor “siyasətimiz” var. İldönümləri, bayramlar olanda səfirlik işçilərini, sürücü və xadimələri zala toplayıb “tədbir” keçirir, bununla da özümüz danışıb özümüz eşidirik” devizi altında gün keçirirlər. Nə isə...
Bu gün islam dövlətlərindən başlamış xristian ölkələrinə qədər hər kəs yaxşı bilir ki, Azərbaycan İslam Həmrəyliyi üçün ən çox səy göstərən, bu istiqamətdə mühüm addımlar atan ölkədir. Xüsusilə İslam dövlətləri arasında mədəni əlaqələr baxımından Azərbaycan dövlətinin gördüyü işlər daha effektli və nəticəgətirəndir. Üstəlik, Bakının Şərqlə Qərb arasında inteqrasiya və düşüncələrin dialoqu məkanına çevrilməsi də mühüm amildir. Amma min dəfə təəsüflər olsun ki, bəzi İslam dövlətləri təcavüzkar Ermənistanla “mehriban dostluq diplomatiyası” adı altında əlaqələr qurur, hətta bunu əndazəsini aşmaq şəklində reallaşdırırlar. Bilirsiniz Ermənistan rəsmiləri Avropa İttifaqı, Fransa, ABŞ və digər Avropa ölkələrində keçirdikləri görüşlər zamanı nə deyirlər? – biz hərtərəfdən müsəlman ölkələri ilə həmsərhədik. Daima müsəlman təzyiqi altındayıq. Bizi tək buraxmayın!
Hətta rəsmi İrəvanın daima Avropa institutlarında İslam əleyhinə kəskin mövqe sərgilədiyini bilə-bilə Ermnistanla dostuq edirlər sözdə “müsəlman ölkələri”. Sual olunur: 30 illik işğal dövründə işğal altında qalan Azərbaycan torpaqlarındakı məscidləri, ibadət yerlərini, İslam mədəniyyətinə aid olan tarixi abidələri vəhşicəsinə məhv edən Ermənistan deyilmi? Məgər müsəlman ölkələrində bilmirlər ki, ermənilər bizim yarıdağılmış məscidlərdə heyvan, donuz, inək saxlayırlar. Bu, müsəlman aləminə edilən təhqir deyilmi? - Əlbəttə gözəl bilirlər. Sadəcə, həqiqət ondan ibarətdir ki, onları şüara çevirdikləri “İslam dəyərləri” deyil, öz maraqları düşündürür.
Gələk iordaniyalı rejissorun qondarma “artsax”da müharibə ortasında qalan, “əzabkeş” obrazında təqdim etdiyi 11 yaşlı Vrej barədə çəkdiyi 40 dəqiqəlik filmə. Əgər iordaniyalı rejissor humanizm dəyərlərinə bu şəkildə bağlıdırsa, niyə Xocalıda ermənilər tərəfindən dəmir boruların içinə doldurularaq öldürülən, anasının gözü qarşısında şişə çəkilən, tonqalda yandırılan azərbaycanlı körpələr barədə cəmi 10 dəqiqəlik film çəkmir? 11 yaşlı Vrejdən fərqli olaraq ana qucağındakı 5-6 aylıq südəmər azərbaycanlı körpələr öz doğma yurd yerində, isti ocaqlarında erməni vəhşiləri tərəfindən analarının gözləri qarşısında qətlə yetiriliblər. Guya İordaniya Film Festifallarında əyləşənlərin, “erməni humanizminə” göz yaşı tökən yaradıcı müsəlman rejissorların bütün bunlar barədə məlumatları yoxdur? Əlbəttə var.
Sadəcə, erməni diasporunun və öz içlərindəki erməni sevdasının diktəsi ilə müsəlman məscidlərini heyvan yaylağına çevirmiş zalım bir ölkəyə əl uzadanların imanı olmur. Dini inancı müsəlman olsa da...
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə