"17 oktyabr Füzuli şəhərinin azad edildiyi gün kimi yazıldı" - MÜNASİBƏT BİLDİRİLDİ

"2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur.

İşğal altında olduğu illər ərzində düşmən cəbhənin təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Hətta buna görə bir çoxları Füzulini işğaldan azad etmək üçün uzun müddət lazım olacağını düşünürdü. Elə bu səbəbdən də Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Döyüşlərin ilk saatlarından Füzulinin təmas xəttindəki bir neçə müdafiə xəttinin yarılması nəticəsində ordumuz strateji üstünlüklər qazanmağa müvəffəq oldu. Əsgər və zabitlərimiz doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaət və qəhrəmanlıq göstərərək düşmən istehkamlarını ildırım sürəti ilə keçməyə qadir olduqlarını sübut etdilər.

Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri də ordumuz tərəfindən azad edildi. Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil olmuşdu. Odur ki, Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir.

Tarixə nəzər saldıqda görürük ki, oktyabrın 14-də əlverişli yüksəkliklər və mövqelər - Füzuli rayonunun Qarakollu, Xatınbulaq, Qaradağlı kəndləri, Xocavəndin Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü və Tağaser kəndləri azad olundu. Növbəti gün aparılan hərbi əməliyyatlar zamanı Xocavəndin Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri, Füzulinin Arış, Cəbrayılın Doşulu kəndləri düşmən tapdağından xilas edildi. Əvvəlcə Xocavəndin Xırmancıq, Ağbulaq, Axullu kəndləri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi və Füzuli şəhəri mühasirəyə alındı. Nəhayət, oktyabrın 16-dan 17-nə keçən gecə şəhərin azad olunması əməliyyatını yerinə yetirmək vaxtı çatdı. Əsgərlərimiz qarşıya qoyulan əməliyyat planını uğurla yekunlaşdırdılar - Füzuli şəhəri, Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndləri azadlığa qovuşdu. Bu tarixi qələbə 44 günlük şanlı Vətən savaşının gedişatında həlledici mərhələlərdən biri oldu".

Onun sözlərinə görə, hal-hazırda işğaldan azad edilmiş Füzuli şəhəri də işğaldan azad edilmiş digər ərazilərimiz kimi yenidən qurulur: "Şəhərin baş planı təsdiqlənib və Böyük Qayıdış proqramının birinci mərhələsinin sonuna, yəni 2026-cı ilin sonuna qədər 22 min insanın Füzuli rayonunda yaşaması planlaşdırılır. Baş plana uyğun olaraq 2040-cı ilədək isə Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Sevindirici haldır ki, Füzuli rayonu sakinlərinin bir hissəsi artıq doğma yurd yerlərinə qayıdıb. Aparılan böyük quruculuq işləri sayəsində indiyədək 823 ailə, 3 min 136 sakin öz ata-baba yurduna qayıdaraq orada yaşamağa başlayıb.

Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək “Ağıllı şəhər” konsepsiyası irəli sürülüb. İndiyə qədər rayon ərazisində çox sayda bağça, məktəb, xəstəxana tikilib, müxtəlif rahat yollar, parklar salınıb, yaşayış kompleksləri ucaldılıb. Bu istiqamətdə layihələrin icrası davam etdirilir. Füzuli şəhərinin özündə də orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlərin inşa edilməsi, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələrinin yaradılması nəzərdə tutulur. Heç bir şübhə yoxdur ki, müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa edilən Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə