Mehmet Haberal Mərkəzi Gömrük Hospitalını ziyarət edib

17 may 2024-cü il tarixində, Türkiyənin Ankara şəhərində yerləşən Başkent Universitetinin qurucusu, Türkiyədə ilk dəfə 1975-ci ildə orqan transplantasiyası əməliyyatı icra etmiş Prof. Dr.Mehmet Haberal, Başkent Universitetinin rektoru Prof. Dr. Hakan Özkardeş, Təhsil sektorunun müdiri Turhan Namazov, baş koordinator Feyaz Artukoğlu və digər qonaqlar Mərkəzi Gömrük Hospitalını ziyarət ediblər. Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev nümayəndə heyətini səmimi qarşılayaraq Hospitalın strukturu, fəaliyyəti, eləcə də son illər ərzində orqan transplantasiyası sahəsində əldə edilən nailiyyətlər, respublikanın bir çox regionlarında o cümlədən Naxçıvan Muxtar Respublikasında təşkil etdiyi tibbi - sosial aksiyalar barədə ətraflı məlumat verib.

Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük diqqət və önəm verdiyini vurğulayan Bəxtiyar Musayev bu sahənin modernləşdirilməsi, rəqəmsallaşdırılması, insan kapitalının inkişaf etdirilməsi və səhiyyə iqtisadiyyatının gücləndirilməsinin dövlətimiz üçün prioritet məsələlərdən biri olduğunu qeyd edib. Bəxtiyar Musayev bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dövlət siyasətini dəstəkləyən Dövlət Gömrük Komitəsinin ayrılmaz bir hissəsi olan Hospitalın, davamlı şəkildə yenidənqurma işlərini apardığını, modernizasiya prinsipini əsas tutaraq müasir texnologiyaların istifadəsi ilə yeni tibbi xidmətlər tətbiq etdiyini və peşəkar kadrlar yetişdirdiyini qonaqların diqqətinə çatdırıb.

Prof. Dr.Mehmet Haberal Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdiyini, gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib. Professor Mehmet Haberalın həyat və yaradıcılığına həsr olunmuş “Yaşamaq gözəldir, yaşatmaq sonsuz” kitabını öz imzası ilə Dr.Bəxtiyar Musayevə hədiyyə edib.
Görüş qarşılıqlı əməkdaşlıq, müştərək tədbirlərin keçirilməsi və digər məsələlərin müzakirəsi ilə davam edib. Daha sonra Prof. Dr.Mehmet Haberal və nümayəndə heyəti Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya, Nefrologiya və Efferent Terapiya şöbələrinin imkanları ilə tanış olub, eləcə də qaraciyər, böyrək transplantasiyası olunmuş pasiyentlərlə, onların donorları ilə görüşərək öz tövsiyələrini bildirib.

Qeyd edək ki, məşhur Başkent Universiteti Tûrkiyə səhiyyəsində önəmli yer tutur və universitetin Türkiyənin İstanbul, Adana, Alanya, İzmir, Konya şəhərlərində təcrübə və araşdırma mərkəzləri fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə