İran prezidentini itirdi - RAKURS

İbrahim Rəisinin helikopter qəzası çoxlu suallar yaradır

İranda baş verənlər heç kimin proqnozlaşdıra bilmədiyi bir hadisə olaraq dünyanın manşet xəbərinə çevrildi. Azərbaycana tarixi səfərdən sonra vətənə qayıdan ölkə prezidenti İbrahim Rəisinin helikopteri çətin hava şəraitində İranın şimal-qərbindəki ucqar dağlıq ərazidə qəzaya uğradı. Regional və qlobal siyasətin daha çox bağlı olduğu Yaxın Şərqdə nüfuzlu dövlətin başçısı ilə hava insidenti qlobal informasiya məkanını partlatdı. İbrahim Rəisinin öldürülməsi ilə bağlı fərziyyələr İranda hakimiyyətin davamlılığı və Tehranın ölkə daxilində əvvəlki sərt xəttini və Qərblə konflikt münasibətlərini qoruyub saxlamaq imkanını gündəmə gətirib.

Helikopterin qəzaya uğradığı yerdə axtarış-xilasetmə işlərinə əlverişsiz hava şəraiti - yağış və qalın duman mane olub. Bazar günü axşam saatlarında İranın Şərqi Azərbaycan əyalətinin Azərbaycanla həmsərhəd olan İranın Culfa şəhəri yaxınlığında, Tehrandan 600 km şimal-qərbdə İran prezidenti İbrahim Rəisinin olduğu helikopter qəzaya uğrayıb.

Dünya mediasında İran prezidentinin helikopterinin “sərt enişi” ilə bağlı ilk qısa məlumatın yayılmasından dərhal sonra hadisə ətrafında bir müddət məlumat vakuumu yarandı, çünki zərərçəkənlərin, ya da hadisə şahidlərinin olmaması əvvəlcə baş verənlərin yalan olduğunu önə çıxardı, tərəddüd edənlər daha çox oldu. Axtarışların aparılmasında ciddi çətinliklər, pis hava şəraiti - yağış və qalın duman xilasetmə işlərini xeyli çətinləşdirdi.

Əvvəlcə dəqiq məlum olan o idi ki, İran nümayəndə heyəti Azərbaycandan üç helikopterlə uçub. Dövlət başçısından başqa, onun tərkibinə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian, energetika naziri Əli Əkbər Mehrabian, yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rəhməti və Təbriz məscidinin imamı Ayətullah Əl-Haşimi də daxil olub. İnformasiya pauzasından bir az sonra İbrahim Rəisinin xəsarət almadığı və hətta qəza vertolyotundan sağ-salamat düşərək avtomobil kortejinin bir hissəsi olaraq Təbrizə getməyi bacardığı barədə xəbərlər gəlməyə başladı. Lakin tezliklə bəlli oldu ki... İranın Mehr dövlət agentliyi respublika prezidentinin sağ olması ilə bağlı məlumatı sildi.

Yeni xəbər dalğası ən pis hadisənin baş verdiyini göstərən işarələr verdi. Agentliyin mənbəsi bildirib ki, prezidentin və xarici işlər nazirinin həyatı “təhlükə altındadır”, adının açıqlanmasını istəməyən İran rəsmisi Reuters-ə deyib: “Helikopterin eniş yerindən gələn xəbərlər çox ciddi narahatlıq doğurur”.

Yeni fövqəladə hökumətin formalaşdırılmasının başlanması və İslam Respublikası vətəndaşlarını qəzada helikopterdə olan liderlər üçün dua etməyə çağırdığı barədə təsdiqlənməmiş məlumatlar ortaya çıxdı. Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edildikdən sonra - Uzi kəndinin (Şərqi Azərbaycan əyalətinin ən əlçatmaz yerlərindən biri) ərazisinə 40-dan çox xilasetmə qrupu və axtarış itləri ilə birlikdə 15 qrup yollandı.

Əyalət mərkəzi Təbriz şəhərinə 8 təcili yardım maşını yola düşüb. Xilasetmə əməliyyatını İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd koordinasiya edib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, Ankara təbii fəlakət yerinə öz alpinistlərini və xüsusi texnikasını göndərib.

Lakin xilasetmə işləri güclü duman, qəza yerinə girişi təmin edən yolların olmaması və qaranlığın başlaması səbəbindən çətinləşib. Bu baxımdan, əsas sual - dövlət başçısı sağ qala bilibmi - cavabsız qalıb və onun xilasına olan ümidlər getdikcə tükənib. Günün birinci yarısında İran prezidentinin ətrafındakı informasiya mənzərəsi faciəvi nəticədən xəbər vermədən tamamilə fərqli görünürdü.

Bazar günü səhər saatlarında Azərbaycanla sərhədə gələn İbrahim Rəisi burada Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə “Xudafərin” SES-in istifadəyə verilməsi mərasimində və Araz çayı üzərində tikilmiş “Qız-Qalası” SES-in açılışında iştirak edib. Mərasimdə çıxış edən iranlı həmkarını helikopteri qəzaya uğramazdan əvvəl görən sonuncu xarici dövlət başçısı olan Azərbaycan Prezidenti Araz çayında su qurğusunun açılışını iki qonşu ölkə üçün tarixi hadisə adlandırıb. İlham Əliyev çıxışında Cənubi Qafqazdakı siyasi vəziyyət, Ermənistanla çətin danışıqlar prosesi, eləcə də kəskin böhran yaşayan və son günlər normallaşan, hətta isinişən Bakı-Tehran münasibətləri ilə bağlı bir neçə bəyanatlar verib. “Regionun inkişafı regionda yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Əgər kimsə - buradan minlərlə kilometr aralıda yerləşən ölkələrin rəhbərləri bu regionda hansısa nəticələrə nail olmaq istəyirlərsə, qoy bizimlə danışsınlar. Yersiz və lüzumsuz müdaxilə bu günə qədər heç bir fayda gətirməyib və gətirməyəcək”, - deyə İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti, “İran-Azərbaycan dostluğu və qardaşlığı gələcəkdə regionda sabitliyin və təhlükəsizlik tədbirlərinin gücləndirilməsində mühüm amildir. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda biz bir-birimizi dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik”, - deyə bildirib.

Bu arada qeyd etmək yerinə düşər ki, Azərbaycan rəhbərinin “xarici qüvvələrin müdaxiləsinin yolverilməzliyi” ilə bağlı xəbərdarlığından bir neçə saat sonra baş verən hadisə iki ölkə arasında yaranmış səmimi münasibətlərdə Rəisi dönəmini sonlandırdı. İbrahim Rəisinin Azərbaycanla sərhədə tarixi səfəri dramatik şəkildə başa çatdı.

İnsidentlə bağlı nəşrlərin üçüncü dalğası mediada bunun pis hava şəraiti, pilot səhvi və ya helikopterin texniki nasazlığı ilə deyil, İsrail və İsrailin də daxil olduğu xarici qüvvələrin, o cümlədən Birləşmiş Ştatların sui-qəsdindən qaynaqlana biləcəyinə dair “sui-qəsd nəzəriyyələri” oldu. Bu arada, 2021-ci ildə prezident seçilən 63 yaşlı İbrahim Rəisinin vəfat etməsi ilə bağlı fərziyyələr onun varisi və Tehranın əvvəlki sərt xəttini ölkə daxilində və Qərblə ziddiyyətli münasibətlərdə saxlama ehtimalını gündəmə gətirib.

Hakimiyyətin zirvəsində İranın Ali Dini Rəhbəri Ayətullah Xameneinin prezidentdən yuxarı dayandığı mürəkkəb dini-dünyəvi hakimiyyət sistemini nəzərə alsaq, ölkə yaxın gələcəkdə sarsıntıların qarşısını ala biləcək kimi görünür. Vitse-prezident Mohammad Mokhber Rəisinin siyasi varisi ola bilər. Bununla belə, ekspertlərin fikrincə, İran gələcəkdə varislik böhranı ilə üzləşə bilər. Fakt budur ki, prezident Rəisi 85 yaşlı Ayətullah Xameneinin bəlkə də əsas mümkün varisi hesab olunurdu. İranın Ali Rəhbərinin başqa bir ehtimal varisi onun oğlu Müctəba Xamneyidir, lakin sonuncu prezident Rəisidən daha az populyardır və onun ən yüksək vəzifəyə təyin olunması ciddi müqavimətə səbəb ola bilər.

Beləliklə, hər keçən saat İran prezidentinin helikopter qəzasında həlak olması bir sıra versiyanı üzə çıxarır. Prezidenti daşıyan helikopter texniki, hava şəraiti, yoxsa sui-qəsd nəticəsində düş(ürül)dü? Cavablar da hələlik ehtimaldır, çünki, qəzanın dəqiq səbəbi bəlli deyil. Bunu isə mütəxəssislərin rəyindən sonra biləcəyik.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə