"Cəmiyyətimiz vahid amal, əsas ümummilli ideyamız ətrafında sıx birləşdi" - ŞƏRH EDİLDİ
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, yeni iş yerlərinin açılması, bölgələrə daxili və xarici sərmayələrin cəlb olunması, ən müasir texnologiyaların tətbiq edilməsi, istehsal və ixrac imkanlarının daha da artırılmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir:
"Oktyabrın 28-də Prezident İlham Əliyev Sabirabad və İmişli rayonlarında yeni istehsal müəssisələrinin fəaliyyəti ilə tanış oldu. Bu müəssisələr regionların inkişafı ilə yanaşı ölkəmizin iqtisadi gücünü daha da artırır. Bütövlükdə, regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Bütün bunlar bölgələrdə sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynayır. Görülən bu işlərə paralel olaraq, işğaldan azad edilmiş ərazilərin bərpası da xüsusi diqqət mərkəzindədir.
Prezident İlham Əliyevin oktyabrın 28-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri bunun mühüm göstəricisidir. Bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun şücaəti sayəsində işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması sürətlə davam edir. Erməni vandalizmi nəticəsində dağıdılmış Qarabağımız yenidən qurulur. Azərbaycan dövləti ərazilərin bərpasına və “Böyük Qayıdış” Proqramının icrasına xüsusi həssaslıqla yanaşır. Prezident İlham Əliyev görülən işləri şəxsi nəzarətində saxlayır. Dövlətimizin başçısı səfər zamanı Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışını edib. Eləcə də, Cəbrayıl şəhər məscidinin, Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış məhəlləsinin təməlini qoyub. Həmçinin, rayonda iki günəş elektrik stansiyasının təməli qoyulub. Zəngilan rayonunda isə dövlətimizin başçısı şəhərdə 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub, Ağalı kəndinin ikinci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib, sakinlərə evlərin açarlarını təqdim edib.
Ermənistan otuzillik işğal dövründə torpaqlarımızı viran qoyub. Qarabağdakı sərhəd tanımayan dağıntılar, aşkar olunan kütləvi məzarlıqlar, minalanmış ərazilər əyani şəkildə təsdiqləyir ki, ermənilərin “mədəni xalq” iddialarının hansısa bir əsası yoxdur. Ancaq ermənilər və onların havadarları bir məqamı hesablaya bilməmişlər: Bu da Azərbaycan xalqının iradəsi, əyilməz milli ruhu və torpağa olan bağlılığımızdır. Biz heç vaxt torpaqlarımızın işğal altında olması faktı ilə barışmadıq. Prezident İlham Əliyev Qarabağ məsələsini daim Azərbaycanın gündəliyinin mərkəzində saxladı, iqtisadiyyatı, ordunu gücləndirməklə ölkəmizi qələbəyə hazırladı. Cəmiyyətimiz də vahid amal, əsas Ümummilli ideyamız ətrafında sıx birləşdi. Dövlətimizin başçısının Horovlu kəndində sakinlərlə görüşü zamanı bildirdiyi kimi, Azərbaycan xalqı mərd xalqdır, qəhrəman xalqdır, iradəli xalqdır, öz torpağına bağlı olan xalqdır. Beləliklə, 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Xalqımızın güclü həmrəyliyi sayəsində biz mütləq və tam Qələbə qazandıq. Bu Qələbə tarixdə əbədi qalacaq və Azərbaycan xalqı qürurlu xalq kimi yaşayacaq. Bu gün işğaldan azad edilmiş ərazilərimiz yenidən dirçəlir. Doğma Qarabağ yenidən qürur, iftixar məkanına çevrilir. Bu torpaqlar qəhrəman əsgərlərimizin igidliyi, şəhidlərimizin qanı sayəsində azadlığına qovuşdu. Artıq ağrılı-acılı günlər geridə qalıb, insanlar doğma Qarabağa və Şərqi Zəngəzura əbədi qayıdır. Bu torpaqlar dünyanın ən gözəl guşələrindən birinə çevrilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB