Yaralı komandirini xilas edərkən şəhid olan həkim...

Vətən müharibəsinin ilk günlərindən Adil də ön cəbhəyə göndərilmək arzusunda olub. “Hamı getdi, mən qaldım”, - deyərək nə vaxt çağırılacağını gözləyirmiş.

Anası Afət danışır ki, bir gün zəng edib, dağa təlimə getdiklərini deyib: “Dedim bala, çadırda olacaqsınız, yoxsa kazarmada? Dedi, ana, narahat olma, kazarma var, mən həkiməm, kazarmada xidmət edəcəyəm. On ay idi ki, üzünü görmürdük, məzuniyyətə də gələ bilməmişdi. Özümdən asılı olmadan gecələr oyanıb, yuxusuz qalırdım. Onun ön mövqedə olduğunu bilməsəm də, əllərimi açıb dua edirdim ki, Allah bütün döyüşçüləri qorusun”.

Atası Qədir isə onun harada olduğunu bilirmiş. “Deyirdi ki, ata, anama, bacıma demə, qoy bilməsinlər. Dedim, bala, çalış ki, özünü qoruyasan. Acığı tutdu ki, ay ata, niyə elə deyirsən, şəhid olanlardan əskiyəm? Özümü qorumağa gedirəm, yoxsa Vətəni?”

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Adil Əfəndiyev Naxçıvandan xidmət etdiyi Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müharibəyə yollanıb. 2020-ci il oktyabrın 18-də onları Füzuli ətrafında gedən döyüşlərə göndəriblər. Adil həmin il oktyabrın 22-də Tuğ kəndində döyüşlər gedən zaman yaralanmış komandirinin - Anar Əliyevin həyatını xilas edərkən onunla birlikdə şəhid olub.

Şahidlərin dediyinə görə, komandir yaralı halda “Əfəndiyev” deyə onu çağırıb. Feldşer “Həkim, mən gedirəm, siz qalın” desə də, Adil ona “sənin ailən var, komandiri özüm atəş altından çıxardacağam”, - deyərək onun harayına tələsib. Həmin mövqenin güclü atəş altında olmasına baxmayaraq, gözündən ağır yara almış komandir Anar Əliyevin yarasını sarıyıb, ona ilk tibbi yardım göstərib. Sonra onu çiyninə alıb, atəş altından çıxarmağa çalışarkən həmin yerə düşən əl qumbarası nəticəsində ikisi də şəhid olub. Həmin döyüşdə yaralanaraq yardımsız qalan və qanaxmadan həyatlarını itirən başqaları da olub. Çünki Adil artıq həyatda yox idi…

“Oktyabrın 24-ü idi, Qazaxda idik. Qədir çörək almağa getmişdi. Bir də gördüm ki, kimsə başqa adam əlində çörək darvazadan içəri girdi. Sən demə, çörək alıb gələndə yolda eşidib ki, bizim küçəyə şəhid gətirirlər. Ünvanı deyəndə eşidib ki, bizim evin ünvanıdır. Bilib ki, Adildir, elə ordaca yerə çöküb…”.

Afət xanım bunu danışanda sanki özü də o dünyaya gedib-gəlir: “Evlənmək üçün nə qədər təhrik etsək də, deyirdi ki, hələ tezdir, təhsilimi davam etdirməliyəm. Rezidenturaya hazırlaşırdı. Axırınci dəfə 2019-cu ilin dekabrında məzuniyyətə gələndə görüşmüşdük. 2020-ci ilin avqustunda məzuniyyət versələr də, pandemiya ilə əlaqədar olaraq Naxçıvandan gələ bilmədi. Görüşmək üçün günləri sayırdıq, yenidən gəlməli idi, 25 günü qalmışdı…”

Hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev oktyabrın 25-də Qazax şəhər qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. Qazax şəhəri Mehdi Hüseyn adına Humanitar Təbiət fənləri məktəb-liseyində təhsil alıb. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinisi Hərbi həkim işi ixtisası üzrə bitirib. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmət edib.

“Vətənə xidmətə görə” ordeni , "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

. Qazax rayonunda bir küçə onun adını daşıyır. Xatirəsinə bulaq inşa olunub. Bakıda və Qazaxda yaşadığı binaların üzərinə barelyefi vurulub. Təhsil aldığı Azərbaycan Tibb Universitetində adına kabinə, mühazirə zalı fəaliyyət göstərir. Universitetin həyətində şəhid tələbələrin fəxri sırasında onun da şəkli var.

Yeganə bacısı Nərminin oğlu dayısının adını daşıyır.

Oxuduğu kitabların bir küncündə qeydlər yazarmış. Şəhidliyindən xeyli sonra onun yazışmalarından birində ”Mən şəhid olacağam” rast gəlinib. Bir vərəqdə isə bu kəlmələri yazıb: “Mən bir xoşbəxt kəpənəyəm, yaşasam da, ölsəm də”.

Adil özünün yazdığı kimi, bir kəpənək ömrü yaşasa da, ədəbiyyət ünvanı qazandı…

Bütün xəbərlər Facebook səhifəmizdə