Azərbaycanın nümayəndə heyəti ÜST-nin Avropa Regional Komitəsinin 75-ci sessiyasında iştirak edir
Danimarkanın paytaxtı Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 75-ci sessiyası keçirilir. Azərbaycanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sessiyada ÜST-nin Avropa regionunda ali idarəetmə orqanı olan Regional Komitənin 53 üzv dövlətinin səhiyyə nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və digər rəsmilər iştirak edirlər. Azərbaycan tədbirdə səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Tədbirin açılışında ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus qlobal səhiyyənin cari problemlərini qeyd edərək, təşkilat tərəfindən bu çatışmazlıqların aradan qaldırılması istiqamətində həyata keçirilən işlər haqqında məlumat verib.
Öz növbəsində ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge beynəlxalq qurumun ötən sessiyadan indiyədək gördüyü işlər barədə danışıb.
Ardınca ÜST-nin Avropa Regional Komitəsinin sessiyasının gündəliyi müzakirəyə təqdim edilib. Sessiyanın gündəliyi ÜST-nin növbəti beşillik “Avropa İş Proqramı 2026–2030”, idarəetmə orqanlarına seçkilər və strateji səhiyyə təşəbbüslərinin təsdiqi kimi mühüm məsələləri əhatə edir.
Daha sonra Regional Komitənin üzv dövlətlərinin səhiyyə nazirləri və digər rəsmilər çıxış ediblər.
Sessiyada çıxış edən T. Musayev vurğulayıb ki, Səhiyyə Nazirliyi ÜST-nin Avropa Regional Bürosunun gələcəyin sağlamlıq sistemini formalaşdırmaq məqsədilə təşəbbüslərini və üzv dövlətlərin milli səhiyyə sistemlərininin transformasiyasının dəstəklədiyini yüksək qiymətləndirir: “Avropa İş Proqramında müəyyən edilmiş üç əsas prioritet Azərbaycanın milli səhiyyə sisteminin gələcək istiqamətləri ilə uyğundur”.
Nazir T. Musayev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda son illər milli səhiyyə sisteminin gücləndirilməsi, insan kapitalının inkişafı və səhiyyənin rəqəmsallaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb: “Vətəndaşların sağlamlıq və sosial rifahının yüksəldilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasinin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Vətəndaşların uzunömürlülüyünün artmasını nəzərə alaraq, sağlamlıq prioritet məsələ olaraq qalmalıdır”.
Müasir dövrdə süni intellektin, irihəcmli məlumatların və rəqəmsal həllərin səhiyyə xidmətlərinin inkişafında mühüm rol oynadığını bildirən nazir deyib: “Bu texnologiyaların potensialını tam şəkildə istifadə etmək üçün süni intellektin qanunvericilik çərçivələrinə daxil edilməsi, onun məsuliyyətli və etik istifadəsi vacib məsələdir. Bununla belə, rəqəmsal alətlər insan əməyini əvəz etməməli, əksinə fəaliyyətlərdə tamamlayıcı rol oynamalıdır”.
Tədbirdə T. Musayev 2025–2028-ci illər üçün ÜST-nin Avropa üzrə Regional Komitəsinin Daimi Komitəsinə üzv seçilib. “Azərbaycan nümayəndəsinin komitəyə üzv seçilməsi ölkəmizin beynəlxalq səhiyyə siyasətində rolunun daha da güclənməsinə və ÜST-nin Avropa regionunda qəbul edilən qərarların formalaşmasında iştirakının təmin olunmasına şərait yaradacaq”, - deyə məlumatda vurğulanıb.
Həmçinin ÜST-nin Avropa Regional Komitəsinin 75-ci sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib.
İlk olaraq T.Musayev ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge ilə görüşüb. Görüş zamanı nüfuzlu səhiyyə qurumları, o cümlədən ÜST ilə yüksək səviyyəli əlaqələrin mövcudluğu xüsusi vurğulanıb.
İslandiyanın sabiq Baş naziri, ÜST-nin Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının sədri Katrin Yakobsdottir ilə görüşdə isə ötən il COP29 kimi mötəbər tədbirin Azərbaycanda ən yüksək səviyyədə təşkil edildiyi bildirilib. Eyni zamanda, COP29 zamanı iqlimə yönəlmiş səhiyyə təşəbbüslərinə Azərbaycanın dəstəyi yüksək qiymətləndirilib.
Oktyabrın 30-u yekunlaşacaq tədbir panel sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələrlə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB