Azərbaycan 9 ayda dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət istiqrazları üzrə ümumilikdə 5 milyard 21,4 milyon ABŞ dolları borc qaytarılıb. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması yolu ilə təkrar maliyyələşdirmə risklərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində dövlət istiqrazlarının vaxtından əvvəl geri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz edilməsi və bir sıra vaxtı çatan dövlət istiqrazlarının təkrar maliyyələşdirilməsi hesabına 3 milyard 131,9 milyon manat məbləğində əsas borc ödənişləri həyata keçirilib.

9 ayda 1 439,6 milyon manat məbləğində əsas borc ödənişləri isə dövlət büdcəsinin və "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu"nun vəsaiti hesabına investorlara geri ödənilib. Beləliklə, bu il ərzində dövlət istiqrazları üzrə ümumilikdə 4 milyard 571,5 milyon manat məbləğində əsas borc ödənişləri həyata keçirilib.

Hesabat dövründə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 449,9 milyon manat vəsait istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə