Azərbaycanın şanlı Zəfər sədaları Vallettada səslənib

Maltanın paytaxtı Vallettadakı “Palazzo de La Salle” sarayında Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

SİA xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) Malta üzrə koordinatorunun təşkilatçılığı və Malta İncəsənət Cəmiyyətinin əməkdaşlığı ilə baş tutub.

Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının Malta üzrə koordinatoru Aysel Şkembri çıxışında Zəfər Gününün müasir Azərbaycan tarixində, eləcə də xalqımızın milli-mənəvi həyatındakı əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının Maltadakı fəxri konsulu Kris Balzan Zəfər Gününün Azərbaycanın ərazi bütövlüyünün bərpasını və milli qürurunun yenidən dirçəlişini simvolizə etdiyini bildirib.

Tədbir iki xalq arasında dostluq və qarşılıqlı anlaşma ruhuna uyğun rəngarəng musiqi proqramı ilə davam edib. Maltalı və azərbaycanlı musiqiçilər ilk dəfə eyni səhnəni bölüşüblər.

Proqramda İsveçdən pianoçu Aynur Məlikova və tenor Sinan Xəlilinin, Azərbaycandan tarzən Səxavət Məmmədovun, eləcə də maltalı folklor musiqiçisi və multiinstrumentalist Françesko Sultananın ifasında Azərbaycan və Avropa klassik musiqisinin inciləri səsləndirilib. Vasif Adıgözəlovun “Qərənfil”, Həsən Rzayevin “Cahargah Rapsodiyası”, Səid Rüstəmovun “Oxu, tar”, Rauf Hacıyevin “Azərbaycan” əsərləri, eləcə də xalq mahnısı “Sarı gəlin” böyük maraq və alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə