“Hadisə türk dünyasının tarixində milli oyanışın mühüm mərhələsidir” - ŞƏRH OLUNDU

“Bu gün qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü qeyd olunur. Bu tarixi hadisə yalnız Türkiyə tarixində deyil, bütövlükdə türk dünyasının milli oyanışında və dövlətçilik düşüncəsinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Heç şübhəsiz ki, Mustafa Kamal Atatürkün rəhbərliyi ilə formalaşan yeni dövlət modeli milli iradəyə, dünyəviliyə və tərəqqiyə əsaslanaraq qısa müddətdə regionun ən güclü dövlətlərindən birinə çevrilməyə müvəffəq olmuşdur. Ötən yüz ildə isə Türkiyə Cümhuriyyəti siyasi sabitlik, iqtisadi yüksəliş, elmi-texnoloji tərəqqi və güclü diplomatik mövqeyi ilə beynəlxalq aləmdə etibarlı tərəfdaş və qlobal əhəmiyyətli aktor kimi tanınıb. Belə ki, qardaş ölkənin qlobal və regional proseslərdə fəal iştirakı yalnız milli maraqların qorunmasına deyil, həm də türk dünyasının birliyinin və təhlükəsizliyinin təmin edilməsinə xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

O bildirib ki, digər tərəfdən isə Azərbaycan–Türkiyə münasibətlərinin inkişaf dinamikası beynəlxalq münasibətlər sistemində bənzəri olmayan unikallığı ilə fərqlənir: “İkitərəfli əlaqələr ortaq tarix, dil, mədəniyyət və milli maraqlar üzərində qurulub. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə əsaslanan bu münasibətlər bugün strateji müttəfiqlik səviyyəsinə yüksələrək yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Xüsusilə də, 44-günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək iki qardaş dövlətin sarsılmaz birliyini bir daha təsdiqləyən mühüm məqamdır. Şuşa Bəyannaməsinin imzalanması ilə münasibətlər müttəfiqlik səviyyəsinə çatdırılmış, xalqlarımızın milli maraqlarının və təhlükəsizliyinin təmin olunması istiqamətində yeni strateji səhifə açılmışdır. Beləliklə də, bugün Azərbaycan və Türkiyə regionda sülhün, sabitliyin və davamlı inkişafın əsas təminatçıları kimi çıxış edirlər. Enerji, nəqliyyat və müdafiə sahələrində həyata keçirilən birgə layihələr yalnız iki ölkənin deyil, bütövlükdə regionun iqtisadi və siyasi arxitekturasını müəyyənləşdirir.

Nəticə etibarilə, Azərbaycan xalqı üçün 29 oktyabr tarixi yalnız qardaş ölkənin dövlət bayramı deyil, həm də ortaq dəyərlərimizin, milli həmrəyliyimizin və gələcəyə inamımızın təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ifadə etdiyi kimi, “Türkiyə və Azərbaycan bir-birinə güc qataraq böyük dünya miqyasında bir güc mərkəzinə çevrilib. Bu əlamətdar gün münasibətilə qardaşlarımızı səmimi-qəlbdən təbrik edir, Türkiyə Cumhuriyyətinə daimi əmin-amanlıq, rifah və tərəqqi arzulayırıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə