"Qarabağda həyat yenidən qurulur" - POLİTOLOQ DANIŞDI

""Böyük Qayıdış" proqramının həyata keçirilməsi həm Azərbaycanın, həm də ümumilikdə regionun geosiyasi və iqtisadi mənzərəsini dəyişəcək". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, proses sürətlə gedir: "Buna bariz nümunə kimi Prezident İlham Əliyevin dünən Cəbrayıl və Zəngilana səfərlərini göstərmək olar. Bu səfərlər çərçivəsində cənab Prezident bir çox mühüm sosial obyektlərin açılışında iştirak edib. Eyni zamanda bir neçə sakinin doğma yurda qayıdışı ilə bağlı mərasimlərdə iştirak edərək onlara yeni inşa olunmuş evlərin açarlarını şəxsən təqdim edib. Bu da onu göstərir ki, proqram sadəcə deklorativ xarakter daşımır, real və praktiki şəkildə icra olunur və uğurla həyata keçirilir.

Qeyd etmək lazımdır ki, proqram həm çoxşaxəlidir, həm də böyük həcmə malikdir. Burada yalnız yaşayış məntəqələrinin bərpası deyil, istehsal obyektlərinin yaradılması da nəzərdə tutulur. Bu obyektlərin istifadəyə verilməsi yeni iş yerlərinin açılması deməkdir ki, bu da həmin regionların sosial-iqtisadi profilinin formalaşmasına mühüm təsir göstərir. Bütün bu addımlar onu sübut edir ki, regional inkişaf proqramları uğurla həyata keçirilir və azad olunmuş ərazilər ölkənin, eləcə də regionun iqtisadi sisteminə mərhələli şəkildə inteqrasiya olunur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə