Qayıdış ünvanlarının sayının artması Zəfər Gününün sevincinə sevinc qatır - Vüqar Rəhimzadə
Regionlarımızın, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin inkişafı, yenidən qurulması, insanların rahat yaşayışı üçün bütün zəruri addımların atılması, vətəndaş məmnunluğunun təmin edilməsi dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Prezident İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışına uyğun olaraq regionların malik olduğu potensialdan səmərəli istifadə edilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Artıq regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramı uğurla icra edilib. Tarixi Zəfərimizdən sonra yeni reallıqların qarşıya qoyduğu çağırışlara əsasən təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” bütün bölgələrimizin sosial-iqtisadi inkişafını başlıca hədəf kimi müəyyənləşdirib. İqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmin olunması Azərbaycanın yeni inkişaf yolunun əsasını təşkil edir. 2030-cu ilədək olan dövr üçün ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması qarşıya əsas hədəf kimi qoyulub. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Dövlət başçısı İlham Əliyevin azad edilmiş ərazilərlə yanaşı, bütün regionlarımızın inkişafını diqqətdə saxlaması, mövcud potensialdan səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm addımlar atması diqqətdən kənarda qalmır. Bu baxımdan ölkə Prezidentinin oktyabrın 28-də Sabirabad, İmişli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri özündə bütün məqamları ehtiva edir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, sənaye parklarının və aqroparkların yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Aqroparkların yaradılması həm də kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Dövlət başçısı İlham Əliyev Sabirabad Sənaye Məhəlləsində bir sıra istehsal müəssisələrinin fəaliyyəti ilə tanış oldu. Ölkədə sənaye məhəllələrinin yaradılması dövlətimizin başçısının 2014-cü ildə imzaladığı “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanla müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Sabirabad Sənaye Məhəlləsi dövlətimizin başçısının 2017-ci ildə imzaladığı Sərəncamla yaradılıb. Prezident İlham Əliyev, həmçinin İmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin arpa emalı müəssisəsinin açılışında da iştirak etdi. Hər bir bölgədə atılan addımlar malik olduqları potensialdan səmərəli istifadənin təmin edilməsinə və ölkənin dayanıqlı inkişafına töhfələr verilməsinə xidmət edir.
Vüqar Rəhimzadə vurğulayıb ki, son beş ilin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın Böyük Qayıdış Proqramı çərçivəsində öz doğma yurd-yuvalarına qayıdışlarının gerçəkləşdirilməsi idi. Artıq 6 şəhər, 2 qəsəbə və 20 kənd sakinlərinə qovuşub. Dövlət başçısı İlham Əliyevin Cəbrayıl rayonuna səfəri zamanı sakinlərinə qovuşan kəndlərimizin sırasına Horovlu kəndi də daxil oldu. Ölkə Prezidenti kənddə görülən işlərlə tanış oldu, sonra kəndə köçən sakinlərlə görüşüb onlara evlərin açarlarını təqdim etdi. Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib. Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoymuşdu. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olmuşdular. Bu gün artıq ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Kənddaxili yollara asfalt döşənib. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirildi. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq. Bundan başqa, kənddə ikimərtəbəli inzibati bina inşa edilib. Dövlət başçısı İlham Əliyev Horovlu kənd sakinləri ilə görüşündə “Düz beş il bundan əvvəl bu ərazi işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq. Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. 8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb” söyləyərək onu da əlavə etdi ki, Azərbaycan xalqı mərd, qəhrəman, iradəli, öz torpağına bağlı olan xalqdır. Biz sübut etdik ki, işğalla barışmaq fikrində deyildik, halbuki bunu dəfələrlə bəyan etmişdik. Döyüş meydanında 300-dən çox şəhər, qəsəbə, kənd azad edildi və Ermənistan kapitulyasiya aktına imza ataraq təslim olmağa məcbur oldu. O gündən bu yana quruculuq işləri ilə məşğuluq. Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır. Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, öz vətəninə, doğma torpağına qayıdıblar. Qalanlar isə müxtəlif işlərdə işləyən vətəndaşlardır. Böyük Qayıdışın əyani sübutu bu gün gözünüzün önündədir. Belə gözəl şərait yaratmaqla Azərbaycan dövləti bir daha öz siyasətini göstərir.
Millət vəkili bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı yenidən inşa edilən kəndlərin açılışı, yeni yaşayış komplekslərinin təməlinin qoyulması bütün azad edilmiş ərazilərimizdə görülən işlərin aydın mənzərəsini yaradır. Qeyd edək ki, Cəbrayıl şəhəri də sakinlərinə qovuşan şəhərlərimiz sırasındadır. Zəngilanın Ağalı kəndi isə ilk pilot layihə olaraq “ağıllı kənd” layihəsi çərçivəsində bərpa olunaraq sakinlərinə qovuşan ilk kənd oldu. Səfər zamanı dövlət başçısı İlham Əliyev Cəbrayıl məscidinin, Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin, Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu, Cəbrayıl rayonu ərazisində inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak etdi.
Azad edilmiş ərazilərimizin bərpasında prioritet məsələlərdən biri bura qayıdacaq soydaşlarımızın işlə təmin edilməsidir. Dövlət başçısı İlham Əliyev Horovlu kənd sakinləri ilə görüşündə qeyd etdi ki, Cəbrayıl rayonunda iş yerləri də yaradılır. “Araz Vadisi” sənaye zonası artıq fəaliyyətdədir. Orada üç müəssisə fəaliyyət göstərir. Amma yaxın gələcəkdə onların sayı təqribən 20-yə çatacaq. Yəni, iş yerləri ilə bağlı burada heç bir problem olmayacaq. Burada kənd təsərrüfatı, heyvandarlıq ilə məşğul olmaq üçün şərait yaradılacaq. Ölkə Prezidenti bu çağırışı etdi ki, Qarabağda və Şərqi Zəngəzurda işsizlik olmamalıdır.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Zəngilan rayonuna səfəri də mühüm məqamlarla yadda qaldı. Belə ki, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olan dövlətimizin başçısı rayonun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşdü, onlara mənzillərin açarları təqdim etdi. Dövlət başçısı qeyd etdi ki, birinci Böyük Qayıdış Proqramını Zəngilan rayonundan başlamışdıq. Bu gün Zəngilan şəhərində də birinci yaşayış kompleksinin tikintisi yekunlaşır. Zəngilan məscidi tikilmişdir, gözəl bir memarlıq əsəridir. Konqres Mərkəzi, Zəngilan Beynəlxalq Hava Limanı tikilib. Bu bölgə çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq, qurduğumuz şəhərlər və kəndlər bunu göstərir. Ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq. Biz düşməni torpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızda qurub-yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Biz, bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB