Söz əməlin kölgəsidir: Haqlı da bizik, güclü də! TƏHLİL

33 ildən sonra dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın da, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən "Xarıbülbül" festivalı artıq bərpa olunaraq ardıcıl olaraq böyük tçədirlərin keçirilməsinin məkanına çevrilib. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir.

Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur.

"BİZ GƏLMİŞİK BURADA ƏBƏDİ YAŞAMAĞA VƏ BUNDAN SONRA AZƏRBAYCAN BAYRAĞI BU TORPAQLARDA ƏBƏDİ DALĞALANACAQ"

Mayın 10-da Qarabağın taçı Şuşa şəhərində keçirilən növbəti tarixi hadisəyə şahidlik etdik. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 101-ci doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək, şəhərə köçmüş ilk sakinlərlə görüşblər. 32 ildən sonra doğma Şuşalarına qovuşan ilk sakinlərlə görüşən Prezident İlham Əliyev çıxış edərək bir sıra məqamlara toxunub və mühüm mesajlar verib. Görüşdə ölkə başçısı qeyd edib: "32 ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim".

Dövlət başçısı bura köçmüş sakinlərlə görüşündə onu da bildirib ki, işğal dövründə Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb: "Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq."

Dövlətimizin başçısı çıxışı zamanı onu da vurğulayıb ki, savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən formalaşan Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər üçün şəhidlərimizə, qazilərimizə borcluyuq. "Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdir",-söyləyən Qalib Komandanımız bu sözləri söyləməklə uydurduqları miflərə, işğal etdikləri torpaqlarda daimi qalacaqlarına inanan ermənilərə, işğalı əbədiləşdirməkdə israrlı olan havadarlarına çatdırdı ki, 44 günlük Vətən müharibəsində Zəfərimiz şanlı tariximizdir.

Çünki bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da! Artıq bu gün bütün işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan Bayrağını qaldırılıb. Çünki…

BU TORPAQLARIN SAHİBLƏRİ BİZİK - AZƏRBAYCAN XALQIDIR

Bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq.

1992-ci il may ayının 8-də erməni təcavüzkarları tərəfindən Şuşa işğal olunsa da 2020-ci il noyabrın 8-də - 28 ildən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Müzəffər, Sarsılmaz, Şanlı Ordumuz, rəşadətli əsgər və zabitlərimizin gücü ilə 28 il həsrətində olduğumuz, Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərini düşmən işğalından azad etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Şəhidlər Xiyabanında xalqa etdiyi müraciəti isə bütün xalqımızın Qarabağ həsrətinə məlhəm oldu. Ali Baş Komandanın tarixi müraciətindən: "Dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində …Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam".

Mayın 10-da Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 101-ci doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında şəhərə köçmüş ilk sakinlərlə görüş bir daha verilən vədin reaalıqğıdır. Azərbaycan Prezidenti İlham Əliyev hansı məqamda, hansı şəraitdə, ən çətin anlarda vətəndaş amilinə, insan faktoruna qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması apardığı siyasətin mühüm prinsiplərindəndir. Dövlətimizin başçısı hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. Və bu gün bir dənə də olsun çadır düşərgəsi qamayıb. Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə 5,1 milyard manatdan çox vəsait ayrılıb ki, bunun da 2 milyard manatdan çoxu mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Bu illərdə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artıb. Əməkqabiliyyətli 380 min məcburi köçkündən 160 mindən çoxu daimi işlə təmin edilib, 200 min nəfəri isə mövsümi işlərə cəlb olunub. Bütün bu uğurların təmin olunmasında heç şübhəsiz, bu təbəqədən olan soydaşlarımızın kompleks həllini nəzərdə tutan və Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq olunmuş məlum Dövlət Proqramı və ona edilmiş əlavələr, həmçinin digər fərman və sərəncamlar, hökumət tərəfindən qəbul olunmuş müvafiq qərarlar xüsusi önəm daşıyır.

HEYDƏR ƏLİYEV FONDUNUN HƏYATA KEÇİRDİYİ HUMANİST XARAKTERLİ UĞURLU LAYİHƏLƏR

Məcburi köçkünlərin məişət problemlərinin həlli işində dövlətlə yanaşı, artıq özəl sektor da yaxından iştirak edir. "Qobu Park" köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi oldu. Xatırladaq ki, burada mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. Ən əsası isə həmin layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib. Həmçinin, onu da qeyd etmək lazımdır ki, qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. 2017-2018-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1481 mənzil, Qaradağ rayonu ərazisindəki "Qobu Park" yaşayış kompleksinin yanında 2-ci yaşayış kompleksində 1300, Dövlət Proqramının icrası üzrə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 810, Pirallahı rayonunda 306, Şirvan şəhərində 685, Beyləqan rayonunda 146 ailəlik qəsəbə və yaşayış kompleksləridir.

Bəli, bu gün artıq Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir. Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib və Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir! Çünki Qalib Prezidentimiz deyir və əməl edir. Və qaçqın və məcburi köçkünlər əmindirlər ki, onlar Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində doğma yurdlarına qayıtmaqdadır və bundan sonra da qayıdacaqlar.

Beləliklə də, dövlət başçımızın 10-da Şuşa şəhərində birinci yaşayış kompleksinin açılışında bura köçmüş sakinlərlə görüşündə söylədiyi kimi: "Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq."

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə