"Mətbuatımız uzun, mürəkkəb, eyni zamanda uğurlu bir yol keçib" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan dünya xalqları içərisində mətbuatın qədimliyinə görə barmaqla sayılacaq ölkələrdən biridir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, sözügedən amil Azərbaycanın sözə, söz azadlığına və söz vasitəsilə millətimizin hədəflərinə çatmağa nə dərəcədə böyük əhəmiyyət verdiyini ortaya qoyur: "Əvvəllər xalq maarifçiliyimizin əsasını qoysa da, sonradan Həsən bəy Zərdabi tərəfindən açılmış bu yol çətinliklərlə üzləşsə də, uğurlu oldu. Xüsusilə ötən əsrin əvvəllərində çoxsaylı mətbuat orqanlarımız Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Mətbuatımız, müstəqillik əldə etdikdən sonra yeni bir mərhələyə qədəm qoydu. Ümummilli liderimizin hakimiyyətə gəldiyi dövrdən dərhal sonra mətbuat üzərində dövlət nəzarətinə son qoyuldu.

Söz və mətbuat azadlığı üçün şərait yaradıldı. Mətbuat çiçəklənmə dövrünə qədəm qoydu və bu sahəyə xüsusi diqqət göstərildi. Ulu Öndər jurnalistlərə, media nümayəndələrinə böyük qayğı göstərirdi. Ölkənin tanınmış jurnalistlərini müxtəlif tədbirlərə dəvət edir, onlarla birgə ölkə daxilində və xaricdə səfərlərdə olurdu. Hadisələrə dair geniş açıqlamalar verirdi.Hazırkı mərhələdə də cənab Prezident mətbuatın gücünü və imkanlarını dəyərləndirərək jurnalistlər üçün sosial layihələr həyata keçirir. Ən diqqət çəkəni isə evə ehtiyacı olan jurnalistlərə pulsuz mənzillərin verilməsidir ki, bu da görünməmiş bir addımdır. Mətbuatımız uzun, mürəkkəb, eyni zamanda uğurlu bir yol keçib. Milli şüurun, milli mənliyin formalaşmasında əvəzsiz rol oynayıb. 44 günlük Vətən müharibəsi dövründə də mətbuat vətənpərvərlik ruhunun aşılanmasında mühüm vəzifəsini yerinə yetirib. Bu münasibətlə bütün mətbuat nümayəndələrimizi, jurnalistlərimizi təbrik edirəm, onlara sağlamlıq və yaradıcılıq uğurları arzulayıram".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə