"Heydər Əliyevin xatirəsi jurnalistlərin qəlbində əbədi yaşayacaq" - Əhməd İsmayılov
Azərbaycanın sürətli inkişafı ilə dünyadakı lider mövqeyinin güclənməsi, öz növbəsində, medianın gündəmini də zənginləşdirir. SİA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov iyulun 8-də Bakıda “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransda deyib.
Onun sözlərinə görə, bununla həm də media öz işini ölkənin dinamik inkişaf tempinə uyğun qurmağa sövq edir: "Medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərindəndir. Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Prezidentin Sərəncamında göstərildiyi kimi, Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib".
MEDİA-nın icraçı direktoru bildirib ki, vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq imkanının verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib: "Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb. Heydər Əliyevin xatirəsi Azərbaycan mətbuatının tarixində, jurnalistlərin qəlbində əbədi yaşayacaq, media nümayəndələri bu böyük şəxsiyyəti həmişə qədirbilənliklə anacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə