"Bu torpaqların əsl sahibləri azərbaycanlılardır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra 30 il işğalda saxlanılan və Ermənistanın vəhşi siyasəti nəticəsində yerlə-yeksan edilən torpaqlarımızda sürətli təmir, quruculuq, bərpa işlərinə başlayıb". Bu sözləri SİA-ya açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, elə ilk günlərdən hətta müharibə, hərbi əməliyyatlar davam edərkən Azərbaycan dövlət qurumları nəqliyyat kommunikasiya xətlərinin - işıq, qaz, su xətlərinin çəkilməsi istiqamətində təcili addımlara başladı: "Bu ötən dövr ərzində yüz kilometrlərlə yeni müasir standartlara uyğun yollar çəkildi. Bir sıra sosial obyektlər, yaşayış məntəqələrinin tikintisi bu gün də sürətlə davam edir. Məlum olduğu kimi azad olunmuş ərazilərimizdə tez bir müddətdə bir neçə hava limanının tikintisinə başlanıldı. İki hava limanı artıq istifadəyə verilib. Bu da Azərbaycan dövlətinin həm siyasi iradəsini nümayiş etdirir, həm də bizim iqtisadi imkanlarımızın göstəricisidir. Bütün bunlar həm azad olunmuş ərazilərimizdə son dərəcə yüksək səviyyədə müasir şəraitdə yenidən qurulması və bundan sonrakı mərhələdə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması məqsədi daşıyırdı. Artıq biz son aylarda məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının, "Böyük Qayıdış"ın şahidi oluruq. Bu da hər birimizi bir vətəndaş kimi sevindirir. Bütün dünya azərbaycanlılarını, Azərbaycan xalqını sevindirir, qürur hissi keçiririk.

30 il öz yurdlarından, tarixi torpaqlarından didərgin düşmüş, məcburi köçkün düşmüş insanlar bu gün böyük fəxrlə, qürur hissi ilə, həyat eşqi ilə bu ərazilərə qayıdır. Burada Azərbaycan dövlətinin mahiyyətini, siyasi iradəsini, qətiyyəni bütün dünyaya göstəririk ki, tez bir müddətdə bu əraziləri bərpa etmək, xüsusilə də, minalanmış əraziləri bərpa edirik".

"Məlumdur ki, Ermənistan 30 il ərzində Azərbaycanın işğal altında saxladığı ərazilərini kütləvi şəkildə minalayıblar. Bu gün paralel olaraq minatəmizləmə prosesi də həyata keçirilir ki, yenidənqurma və tikinti, quruculuq işləri də rahat şəkildə həyata keçirilsin. Bütün bunlar bizi sevindirir. Biz hər bir Azərbaycan vətəndaşı olaraq bununla fəxr duyuruq. "Böyük Qayıdış"la bağlı çox böyük işlər həyata keçirilir. Son aylarda yeni yaşayış binalarının, yeni inzibati binaların, sosial obyektlərin dayanmadan tikilib istifadəyə verilməsi və bu prosesdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və nəzarəti altında həyata keçirilir.

Cənab Prezident və Mehriban xanım bu işlərin gedişatı ilə hər ay, hər həftə maraqlanırlar. Onlar tikinti meydançalarına gedirlər, təməlqoyma mərasimlərində iştirak edirlər. Həm də yeni inşa edilmiş obyektlərin açılışında iştirak edirlər. Biz bununla bütün dünyaya həm də xüsusi mesaj vermiş oluruq ki, tarixi torpaqlarımıza sahiblənirik. Bu torpaqların əsl sahibləri azərbaycanlılardır. Onlar da öz tarixi torpaqlarına sahib çıxırlar" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə