"Azərbaycan jurnalistləri media savadlılığı baxımından xeyli fərqlənirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
“Media savadlılığı sahəsində məlumatın doğruluğunun öyrənilməsi, kontent hazırlanarkən informasiyanın dəqiqliyi, eyni zamanda ona tənqidi və təhili yanaşma jurnalistlərin borcudur. Eynilə dəqiq xəbərin feyknyusdan ayırd edilməsi üçün oxucuların da üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan "Media savadlılığı" həftəsi məsələnin mahiyyətinə diqqət yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər deyib.
Aqil Ələsgər sözlərinə belə davam edib: “İngilislərin 5w1h metodu mövcuddur (who, what, when, where, why, and how, yəni nə, kim, nə vaxt, harada, niyə və necə). Əldə edilən informasiyanın yayılması üçün ilk olaraq bu 6 suala cavab tapılmalıdır. Əgər birində belə qeyri-müəyyənlik varsa həmin xəbər artıq şübhə altına düşür. Bir sözlə, həm jurnalist dərc edəcəyi xəbərdə, həm də oxucu əldə etdiyi informasiyada bu 6 suala cavab axtarmalıdır.
Bu gün ümumilikdə bəşəriyyətin üzləşdiyi əsas problemlərdən biri məhz süni intellektlə bağlıdır. Texnologiya artıq o qədər irəliləyib ki, kiminsə səsi ilə istənilən videonun hazırlanması asan prosesə çevrilib. Bu, hətta telefonla belə əlçatandır. Yəni məsələ regional yox, qlobal əhəmiyyət daşıyır. Dünya sözügedən problem ətrafında çıxış yolu axtarır. Azərbaycan da dünyanın aparıcı ölkəsi olduğu üçün mediada bu kimi təhlükələrə qarşı beynəlxalq təcrübədən istifadə edərək mübarizə aparır.
Hazırda Azərbaycan jurnalistləri media savadlılığı baxımından əvvəlki illərdən xeyli fərqlənirlər. Yalan və yanıldıcı informasiyalara qarşı daha həssasdırlar. Həmçinin Vətən müharibəsi zamanı jurnalistlərin peşəkar fəaliyyəti, ermənilərin informasiya təxribatını asanlıqla ayırd etməsi Azərbaycanın media sahəsində inkişafının göstəricisidir.
Belə mühitin formalaşmasında Media İnkişafı Agentliyinin mühüm rolu var. Media savadlılığının artırılması istiqamətində agentlik tərəfindən atılan addımlar, cəmiyyətdə informasiyanın düzgün formada istehlakı məqsədini özündə ehtiva edir. Belə ki, Media İnkişafı Agentliyinin beynəlxalq təcrübəni əsas götürərək baş redaktorlar, media könüllüləri və xüsusilə jurnalistlərlə keçirdiyi təlimlər xüsusi vurğulanmalıdır. Seminarlar və tədris proqramları sayəsində geniş ictimaiyyətin media sahəsində maarifləndirilməsi sağlam informasiya mühitinin yaradılmasına böyük töhfə verir”.
https://medialiteracy.media.gov.az/
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə