Avropada mütəşəkkil cinayətkarlıq sürətlə yayılmaqdadır

Mütəşəkkil cinayətkarlıq Avropa İttifaqında getdikcə daha sürətlə yayılır və normal həyatın müxtəlif sahələrinə sirayət edir. SİA xəbər verir ki, Avropanın "Avropol" polis təşkilatının yaydığı hesabata görə, mütəşəkkil cinayətkarlığın Avropa İttifaqı üçün təhlükəsi hələ heç zaman indiki səviyyədəki kimi yüksək olmayıb. Getdikcə daha çox güc tətbiqindən yararlanan mütəşəkkil cinayətkar dəstələr hər il narkotik vasitələr və insan alveri, eləcə də kibercinayətkarlıq sayəsində milyardlarla avro əldə edirlər. "Avropol"un hər dörd ildən bir analizlər əsasında hazırladığı hesabatda cinayət aləminin leqal dünya ilə necə sıx bağlandığı araşdırılıb. Hesabatda göstərilir ki, mütəşəkkil cinayətkar dəstələrin 80 faizi leqal biznes strukturlarından öz məqsədləri üçün istifadə edir, onların 60 faizi isə müntəzəm şəkildə korrupsiyadan vasitə kimi yararlanırlar. Çirkli pulların yuyulması professional şəkildə təşkil olunur və "yeraltı dünya"nın paralel maliyyə sistemi fəaliyyət göstərir. Avropa İttifaqının daxili işlər üzrə komissarı İlva Yohannson hesabatın təqdimatında mütəşəkkil cinayətkarlığın Avropada iqtisadiyyata, cəmiyyətə, hüquqi dövlətçiliyə və ümumilikdə demokratiyaya təhlükə törətdiyini söyləyib. "Avropol"un dəyərləndirməsinə görə, hər il mütəşəkkil cinayətkar dəstələr Avropa İttifaqında 140 milyard avro mənfəət əldə edirlər. Hüquq-mühafizə orqanları cinayət tərkibli əməllərdən meydana gələn bu sərvətin yalnız bir faizini aşkarlaya və müsadirə edə bilirlər. "Avropol" həmçinin xəbərdarlıq edib ki, cinayətkarlar koronavirus pandemiyası və onun yaratdığı uzunmüddətli sosial-iqtisadi nəticələrdən sui-istifadə edirlər. Böhranın təsirləri nəticəsində maliyyə problemləri ilə üzləşən şirkətlər, qastronomiya və ictimai-iaşə obyektlərin cinayətkar qruplaşmaların maliyyə vəsaiti hesabına satın alınması mümkündür. Eyni zamanda saxta dərman preparatları və peyvəndlər cinayətkar şəbəkələr vasitəsilə də satışa çıxarılır. Hesabatda qeyd edilib ki, Aİ məkanındakı cinayətkar dəstələrin azı 70 faizi üçdən çox ölkədə öz şəbəkəsini qura bilib. Cinayətkar dəstələrin təxminən 40 faizi narkotik vasitələrin ticarəti ilə məşğuldur və bu sahə Aİ-də ən geniş yayılmış kriminal ticarət sahəsidir. Eyni zamanda Aİ Cənubi Amerika istehsalı olan kokain ticarəti üçün ən böyük bazar rolunu oynayır, ötən illərdə sintetik narkotiklərin istehsal və ticarəti də geniş vüsət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə