DİQQƏT! "Mədəsi xəstə insana bu qidalar olmaz" MÜSAHİBƏ

SİA qida texnoloqu Ağa Salamovun müsahibəsini təqdim edir:

- Bildiyimiz kimi, bazarlarda saysız-hesabsız sayda mənşəyi bəlli olmayan sular mövcuddur. Ümumiyyətlə bu suların keyfiyyəti sizi qane edir?

- Nəzərə alsaq ki, sənaye dövründə yaşayırıq, suların qida dəyəri qanaətbəxş deyil. Bazarda həddindən artıq rəngli qazlı içkilər var. Vaxtilə bu içkiləri apteklərdə həzm dərmanı kimi satırdılar. Onların tərkibində biyan kökü olduğu üçün müalicəvi xarakter daşıyırdı. Hal-hazırda biyan kökünün yerini qarğıdalı sirobu tutur. Çünki, qarğıdalı şəkər və qəndə nisbətən daha ucuzdur. Dünyada 500 min ton qarğıdalı sirobu istehsal olunaraq xaricə idxal edilir. Bu sirob təkcə sularda deyil, həm də konfetlərdə, pirojnalarda, marmalatlarda, tortlarda və digər qənnadı məhsullarında var. Zərərləri həddindən artıq çoxdur. Həkimlər də təstiqləyir ki, bu sirop qaraciyərdə yağ yığılmasına və ürək qan-damar sisteminə mənfi təsir edir.

- Bu qədər zərərli olduğu halda, niyə gənclərimiz bu içkilərə maraq göstərir?

- Bu içkilərin reklamı onlara marağı daha da artırır. Şəkər xəstəliyinin artmasının və gəncləşib azyaşlılarda da rast gəlinməsinin bir nömrəli göstəricisi rəngli şəkərli içkilərdir.

- Bəs bu içkilər yalnız şəkər xəstəliyi yaradır? Yoxsa digər təhlükələrə də səbəb olur?

- Bunu həkimlər daha yaxşı bilər. Lakin, mən texnoloq olaraq qida kimyası dərsini tədris aldığım üçün həkimliyin yanından keçmişəm. Bu içkilərin tərkibində kofein də var ki, bu da ürək-damar sistemini sıradan çıxarır.

- İnsanların içkiləri içməkdə məqsədi enerji almaqdır. Bəs bu içkilər həqiqətən insana enerji verirmi?

- Bu içkilərin istehsalı zamanı yüksək kofein və taulerindən istifadə olunur. Beləliklə, süni şəkildə ürək döyüntülərinin ritmi artır. Unutmaq olmaz ki, bədən sizə o enerjini bir növ kreditə verir, daha sonra sağlamlığınız bahasına o borcu ödəməli olacaqsınız. Əgər energetik içkilər faydalı olsa idi, dövlət yaş həddini 18+ təyin etməzdi. Necə ki, siqaret zərərlidir və o da, 18 yaşdan aşağı olan şəxslərə satılmır. Deməli, dövlət nə etdiyini bilir.

- Tütün məhsullarının üzrərində "sağlamlığa ziyandır" yazılır. Bəs, niyə bəzi insanlar bunu görə-görə alıb istifadə edir?

- Bu vərdişdir. İradəsi zəif olan insan onu tərgidə bilməz. 1996-ci ilə qədər mən özüm də gizlin-gizlin siqaret çəkirdim. Güləşdə uduzduqdan sonra müəllimim mənə "səni uduzduran siqaret oldu" dedi. O söz mənə şillə kimi təsir etdi və o gündən sonra siqareti tərgitdim. 2011- ci ildə Avstriyada seminarda idim. Orada siqaretin zərərləri içərisində beyin, dil və mədə xərçəngini dedilər. Siqaret immunitet sistemini zəiflədir və ağciyərləri məhv edir.

- Siqaretdən necə qurtulmaq olar?

- Çərəzlərə, təbii zülallara və quru meyvələrə müraciət etmək lazımdır. Əvvəllər kişilər ciblərində "qora" (buğda dəninin qovurması) gəzdirərdilər ki, siqareti ötüşdürsünlər. Mən gənc vaxtı qısamüddətli çəkdiyim üçün tərgitmək də rahat olub. Lakin, elə insan var ki, 20-25 ildir çəkir və onun üçün siqareti tərgitmək o qədər asan olmur. Azalda-azalda çəksələr müəyyən müddət sonra tam şəkildə azad olacaqlar.

- Bazarlarda müxtəlif qiymətdə sular mövcuddur. Sizcə bahalı sular keyfiyyətli olduğu üçün bu qiymətədir?

- Çox vaxtı bahalı suların üzərində limon-mandalin şəkli qoyularaq yazılır ki, C vitamin tərkibli. Bu cür süni qatqılı suların tərkibində vitamin yoxdur. Suyun tərkibində minerallar olur və tərkibinə qatqılar​ əlavə olunduqda mineraldan da əsər-əlamət qalmır.

- Qazlı içkilər uşaqlar üçün təhlükəlidirmi?

- Əlbəttə, təhlükəlidir. Bu içkilər həm uşaqlarda, həm də yaşlılarda sümük əriməsinə dəstəkçi olur. Həmçinin, uşaqlarda sümüyün formalaşmasının da qarşısını alır. Uşağa içərisinə zeytun yağı əlavə edib alma şirəsi, kök şirəsi, brokoli, pürelər və digər lifli qidalar versinlər. Beləliklə, uşaqlar gümrah, xoşbəxt və savadlı olacaq.

- Bildiyimiz kimi, artıq yay fəsli gəlir. Sərinləmək üçün isti yoxsa, soyuq içkilər içməliyik?

- Otaq tempraturunda olan içkilər içməliyik. Tam isti olan içkilər qida borularını yandırır, eləcə də dildə dadbilmə reseptonların itməsinə səbəb olur.

- Bəs, bəzi insanlar isti-isti çay içir. Onun nə kimi ziyanları var?

- Bu insanlarda dadbilmə otaq temperaturunda içən​ insanlara nisbətən az olur. Yemək borusunda müxtəlif fəsadlar yaranır.

- Dünya təcrübəsi şəkərli içkilərin ziyanları haqqında hansı fikirləri irəli sürür?

- Rəngli, qazlı içkilər dişlərdə çürümə verir, uşaqların sümük inkişafına mane olur və mədə-bağırsaq sistemində turşuluğun atmasına, yəni mədə xorasına səbəb olur.

- Zərərli içkilərin qarşısının alınması məqsədi ilə hansı tədbirlər görülür?

- Artıq, bu içkilər bazarı işğal edib. Qabaqdan yay gəlirsə bu proses daha da artır. Günəş şüaları altında olması isə insanlar üçün daha da ziyanlıdır. Bunun qarşısını almaq tək bizim gücümüzlə həll olacaq məsələ deyil. Bizim borcumuz insanlara faydalı olanı göstərməkdir.

- Bəs, spirtli içkilərin tərkibi nədir?

- İçki barədə tək bunu deyə bilərəm ki, kustar (əldədüzəlmə) üsulla hazırlanan içkilərdən uzaq durmaq lazımdır. İçki, ümumiyyətlə, zərərli və haramdır. Dozanın aşağı və ya yuxarı olmasının məsələyə heç bir aidiyyatı yoxdur. Lakin, bu da həqiqətdir ki, qırmızı şərab ət məhsullarının həzmini asanlaşdırır. Ağ şərab isə toyuq və balıq məhsulları ilə həzm prosesini asanlaşdırır. Fransızların bir sözü var: "Balıq 3 dəfə üzür. Suda, yağda və şərabda".​ Biz 90% müsəlman ölkəsində yaşadığıma görə içki bizə yad olmalıdır.

- Evdə necə sərinlədici​ içki hazırlamaq olar?

- Ən yaxşısı zəncəfil, nanə və limonu axşamdan təbii suya qoyub, səhərə qədər bu suda saxlayıb, hər susayanda 1 stəkan içməkdir. Suyun limiti yoxdur. Nə qədər istəsəniz içə bilərsiniz. Məsələn, fəhlə ilə kabinetdə oturan insanın su içmə limiti eyni ola bilməz. Fəhlə fiziki cəhətdən əmək sərf edir, tərləyir. Daha yaxşı, təbii məhsul evdə hazırlanan kompotlardır. Çünki, kompotda meyvələr liflərdən azad olmur, tərkibindəki vitaminlər qalır. Lakin, bunları hazırlayarkən zəhərlənmə olmaması üçün diqqətli olmaq lazımdır.

- İnfeksion xəstəliklərə yoluxmamaq üçün qida rasiyonumuzu hansı qidalarla zənginləşdirməliyik?

- İmmuniteti artıran qidalar. Təbiətdə qara və bənövşəyi rəngli olan bütün qidalar immunitet sistemini gücləndirir. Bura kələm, qara tut, badımcan və s. daxildir.

- Alçanı duza batırıb yemənin nə kimi zərəri var?

- İnsan gün ərzində 5 qramdan çox duz istifadə etməməlidir. Çox duz istifadə etmək böyrəklərdə kristal və daş yaradır. Alçanın çox yeyilməsi qan azlığına da səbəb olur.

- Hisə verilmiş balıq və konserva məhsullarını alarkən nələrə diqqət etməliyik?

- Ümumiyyətlə, mən bu məhsullara qarşıyam. İşlənmiş ət məhsulları zərərlidir. Mədəsi xəstə olan insana heç bir həkim hisə qoyulmuş balıq məsləhət görməz. Sağlam adamlar bunu çox az miqdarda istifadə etməlidir. Bu məhsullar adamın meylini çəkir. Mən özüm də arada-sırada istifadə edirəm. Lakin, zərərlərini xatırladıqda uzaqlaşıram. Ən yaxşı balıq təzə olandır. Balığı qızartmaq ziyandır. Buxarda bişirmək faydalıdır.

- Bildiyimiz kimi bir neçə gün sonra Ramazan ayına qədəm qoyuruq. Bu ayda hansı qidalara üstünlük verilməlidir? Qidalanma rejimi necə olmalıdır?

- Səhər su və zülal tərkibli​ qidalardan bol istifadə etmək lazımdır. Bura meyvələr və ət məhsulları daxildir. Qızartma ət məhsulları olmaz. Daha çox buxarda bişirilmiş olsa yaxşı olar. Beləliklə, orucu rahat ötüşdürmək olar. Lifli qidalar çox istifadə olunmalıdır. Duzlu məhsullar insanı susatdığı üçün onlardan uzaq durun. Torpaqdan çıxan təbii məhsulları istehlak etməliyik.

- Ramazan ayı ilə adi günlərdəki qidalanma arasında hansı fərqlər var?

- Burada böyük fərqlər var. Ramazan ayı sanki, dietik sistemdir. Sağlam qidalanma üçün şərait yaradır. Bununla, mədə-bağırsaq sistemi təmizlənir və təzyiq normada olur. Həmçinin, aclığın nə olduğunu da dərk edirsiniz.

- Ramazan ayında kimlər oruc tuta bilməz?

- Əsasən, şəkərli diabetlər, aşağı təzyiq​ və qan azlığından əziyyət çəkənlərə tövsiyyə olunmur. Şəkərli diabetlər ac olduğu zaman əli-ayağı əsir. Ümumi desək, həkim nəzarətində olan insanlar oruc tutmamalıdır. Bu onların sağlamlığı üçün təhlükəlidir.

- Dişləri xarab insanlar necə ət yeməlidirlər?

-Onlar üçün ən yaxşı üsul farşdır. Bura daxildir kotlet, küftə və s. qiyməli məhsullar.

- Marketlərdə satılan hazır yeməkləri almaq nə dərəcədə düzgündür?

-Uşaq və yaşlılar risk qrupudur. Bu insanlara evdə hazırlanan ev yeməyi verilməlidir. Kafeyə, restorana da getmək lazımdır. Lakin, mütəmadi şəkildə olmaz.

- Bir-birini sevməyən qidaları mədəmiz sevməlidirmi?

- Məsələn, hər ikisi karbohidrat olan düyü ilə çörək yesək mədəmiz əziyyət çəkəcək və piylənmə yaranacaq.

- Uşaqların sevimlisi olan "jelibom"un nə kimi ziyanları var?

- Bunun tərkipində də qarğıdalı sirobu var və zərərlidir. Uşaqlara belə məhsullar verməyin. Sümüyü üyüdüb jelatin edirlər.

- Bəs insanların ayaqüstü qidalara üstünlük verməsinin hansı ziyanları var?

- Ümumi götürsək, yemək oturaq vəziyyətdə yeyilməlidir. Ayaqüstə yemək düzgün deyil, süfrə mədəniyyəti olmalıdır. Bəzən olur ki, ər arvadına zəng edir ki, işdən gəlirəm yemək hazırla və tez pizza sifariş edib yeyirlər. Doğrudur bu bütün ailələrə şamil olunmur. Əvvələr belə idi ki, ağsaqqal oturardı başda və hamı süfrə başına yığışardı. Artıq, insanlarda tənbəlləşmə gedir və ev yeməklərinə üstünlük verilmir.

- Tava seçərkən nəyə diqqət etməliyik?

- Cızılmayan tavalar da zərərlidir. Qiymətə çox fikir vermək lazım deyil. Keçmişin ağır dəmir tökmə tavaları yaxşıdır.​ Mətbəxdən aliminiumu uzaqlaşdırmaq lazımdır. Falqa çox zərərlidir və kimyəvi maddələri qidaya ötürür. Sağlamlıq baxımından ən yaxşısı isə, yağlı kağızdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə