Havanın çirklənməsi hər il Avropada 400 min insanın vaxtsız ölümünə səbəb olur

Havanın çirklənməsi hər il Avropada 400 min insanın vaxtsız ölümünə səbəb olur.

SİA xəbər verir ki, bu barədə məlumat Avropa Ətraf Mühit Agentliyinin hesabatında yer alıb. Hesabatda qeyd edilib ki, hava çirklənməsi insanlar tərəfindən törədilən ətraf mühit çirkləndirilməsi kimi sağlamlığa ən ağır zərbənin vurulması ilə nəticələnir.

Bildirilib ki, hər il ətraf mühitin çirkləndirilməsinin müxtəlif növləri nəticəsində yaranan xəstəliklərdən 630 min insan dünyasını dəyişir. Statistik rəqəmlər qorxunc təsir bağışlasa da, ötən əsrdə bu göstəricinin təxminən bir milyon nəfərə bərabər olduğu da hesabatda əksini tapıb.

İqlim dəyişiklikləri, isti keçən yay, təbii fəlakətlərin çoxalması da ölüm hallarını artıran faktorlar arasında yer alıb. İçməli suların çirklənməsi, kimyəvi birləşmələr və güclü təsirə malik antibiotik dərmanlar nəticəsində resistentlik qazanan xəstəliklərin hava-damcı yolu ilə yayılması da insan ölümlərinə təsir göstərir. Həmçinin qeyd edilib ki, Yer kürəsində qlobal istiləşmə ilk növbədə şəhər əhalisinin səhhətinə mənfi təsir göstərir.

Agentliyin hesabatı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2021-ci ildən bəri apardığı ölüm və xəstəlik səbəbləri statistikasına əsaslanır. ÜST-ün statistikasına əsasən, Aİ ölkələrində hər il ölüm hallarının 13 faizi (630 min ölüm halı) ətraf mühit təsirləri nəticəsində baş verir və qarşısının alınması mümkün olan vaxtsız ölüm halları kimi dəyərləndirilir.

Hesabatda həmçinin qeyd edilib ki, ətraf mühitin çirklənməsi əhalinin yoxsul təbəqəsinə daha ciddi təsir göstərir, eyni zamanda Şərqi Avropa ölkələrində hava çirklənməsindən ölənlərin sayı Qərbi Avropa ölkələri ilə müqayisədə daha yüksəkdir. Hesabatda ən pis vəziyyətin Bosniya və Herseqovinada olduğu əks olunub və illik ölüm hallarının 27 faizinin ətraf mühitin çirklənməsi ilə əlaqəli olduğu qeyd edilib. Ən yaxşı vəziyyət isə Norveç və İslandiyada (hər birində 9 faiz) mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə