Həyata optimist baxış yaşa bağlı yaddaş itkisini ləngidə bilər. Böyük Britaniya, ABŞ və İspaniya alimlərinin gəldiyi nəticə belədir.
SİA-nın məlumatına görə, bu barədə “New Voice” yazır. Aging & Mental Health jurnalında dərc edilən 16 illik araşdırmanın nəticələrinə görə, 50 yaşdan yuxarı psixoloji rifah səviyyəsi yüksək olan insanlar yaddaş testlərində daha yaxşı nəticə göstəriblər. Tədqiqatda hər iki ildən bir söz yaddaşı testləri və həyat keyfiyyəti sorğusu ilə qiymətləndirilən 10 760 insan iştirak edib.
Həyata nəzarət hissi, öz seçimlərini etmək bacarığı, məmnunluq hissi kimi göstəricilər qiymətləndirilib. Alimlər rifah və yaddaş arasında kiçik, lakin ardıcıl əlaqə tapıblar. Üstəlik, bu təsir koqnitiv sağlamlıq üçün məlum risk faktoru olan depressiya əlamətləri nəzərə alındıqdan sonra belə davam edib.
Tədqiqat psixososial amillərin beyin sağlamlığında mühüm rol oynadığını vurğulayır. Mütəxəssislər qeyd edirlər ki, zehni sağlamlığınıza diqqət yetirmək, müntəzəm fiziki fəaliyyət və ictimai aktivlik gələcəkdə koqnitiv pozğunluq riskini azalda bilər.
Müəlliflər yaxşı yaddaşın rifahın yaxşılaşmasına səbəb olduğuna dair heç bir sübut tapmasalar da, bu ehtimalı istisna etmirlər.
Onlar hesab edirlər ki, pozitiv münasibət yetkinlik dövründə demansın qarşısının alınmasında və zehni aydınlığın qorunmasında bir amil ola bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə