...Beynəlxalq arxeoloqlar qrupu Çində matrilineal quruluşa malik neolit cəmiyyətinin izlərini aşkar ediblər.
Tədqiqat nəticəsində məlum olub ki, ailə nəsli ən azı 250 il ərzində yalnız anadan ibarət olub.
SİA-nın əldə etdiyi məlumata görə, Çinin Şandun əyalətində arxeoloqlar 250 il ərzində matrilineal sistemin saxlandığı unikal Neolit icması aşkar ediblər - qohumluq və sosial status yalnız ana nəsli ilə müəyyən edilirdi.
Beynəlxalq alimlər qrupu tərəfindən aparılan və “Nature” jurnalında dərc olunan araşdırma eramızdan əvvəl 2750-2500-cü illərdə yaşamış 60 nəfərin qalıqlarının DNT analizinə əsaslanır.
Alimlər müəyyən ediblər ki, bütün nümunələr nəsillərin yalnız ana xətti ilə ötürüldüyünü göstərir - bu, Neolit dövründə görünməmiş bir faktdır. On nəsil ərzində icma resursların bərabər paylanmasına əsaslanan sabit sosial quruluşu qoruyub saxladı. İqtisadiyyatın əsasını kənd təsərrüfatı (ilk növbədə darı əkini), heyvandarlıq və yəqin ki, balıqçılıq təşkil edirdi.
Bu kəşf matrilineal sistemlərin açıq-aşkar sərvət bərabərsizliyi olmadan cəmiyyətlərdə uğurla fəaliyyət göstərə biləcəyinə dair elmi fərziyyəni dəstəkləyir.
O, həmçinin erkən insan icmalarında qohumluq və hakimiyyət formaları haqqında fikirlərin yenidən nəzərdən keçirilməsi üçün yeni əsaslar təqdim edir.
Tədqiqatçıların fikrincə, əldə edilən məlumatlar qədim dövrlərdə belə uzunmüddətli və sabit matriarxal nizamın ilk sənədləşdirilmiş sübutudur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə