130 illik yoxluqdan sonra nəhəng göl qayıdıb və alimləri heyrətə salıb...

...Kaliforniyada ekoloji möcüzə baş verib: 2023-cü ildə bir vaxtlar ABŞ-ın qərbində ən böyük şirin su hövzəsi olan Tulare gölü bir əsrdən çox yoxluqdan sonra geri qayıdıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Dailygalaxy” yazır ki, bu, Syerra-Nevada dağlarında qeyri-normal qış və qarın sürətlə əriməsi səbəbindən baş verib.

1890-cı illərdə kənd təsərrüfatı üçün drenaj səbəbiylə yoxa çıxan göl yenidən dolaraq San Xoaquin bölgəsinin bir hissəsini basıb.

Alimlər deyirlər ki, Tularenin yenidən canlanması qlobal iqlim dəyişikliyinin əlaməti ola bilər.

...Bu, sadəcə, daşqın deyil. Bu, gölün qayıdışıdır, -deyə tədqiqatçı Vivian Anderxill bildirib.

Suyun qaytarılması ilə ekosistem də bərpa olunub: qutanlar və su quşları geri qayıdıb və yerli Taçi Yokut qəbiləsi yenidən ənənəvi mərasimlər keçirir.

Eyni zamanda, gölün canlanması kənd təsərrüfatlarına ziyan vurub - əkin sahələri su altında qalıb, evlər dağılıb.

Gölün ərazisi hələ 2024-cü ildə kiçilməyə başlasa da, mütəxəssislər ekstremal hava hadisələrinin daha tez-tez baş verməsi ilə gölün landşaftın daimi xüsusiyyətinə çevrilə biləcəyini istisna etmirlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə