55 gün Sakit Okeanda qalmış balıqçılar xilas edilib...

Beş balıqçıdan ibarət qrup - üç Peru və iki Kolumbiyalı - Sakit Okeanda itdikdən 55 gün sonra sağ-salamat tapılıb. SİA-nın məlumatına görə, onlar Ekvador tuna balıqçı gəmisi “Aldo”nun ekipajı tərəfindən xilas edilərək Qalapaqos adalarındakı limana aparılıblar.

Onlar martın ortalarından itkin düşmüş hesab edilirdilər. Ekvador Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, balıqçı qayığı martın 10-da Peru paytaxtının cənubunda yerləşən Pukusana körfəzindən dənizə çıxıb.

Limandan çıxandan cəmi iki gün sonra alternator sıradan çıxıb. Hərbi Dəniz Qüvvələrinin sözçüsü bildirib ki, qəza gəmidə elektrik enerjisinin tamamilə itirilməsi, o cümlədən naviqasiya və radio avadanlıqlarının sıradan çıxması ilə nəticələnib.

Ekvador dəniz freqatının kapitanı Maria Fares, balıqçıların işıqlandırma və ya əsas avadanlıq üçün gücə çıxışı olmadığını söyləyib.

Tam təcrid və şirin su çatışmazlığı şəraitində sağ qalanlar yağış suyu, dəniz suyu içməyə, həmçinin gəminin mühərrikindən su çıxarmağa məcbur olublar.

Əsas yemək mənbəyi balıq olub, kişilər əllərində olan hər şeydən istifadə edərək bişirirmişlər.

Balıqçılar San-Kristobal dəniz bazasına aparılıb. Həkimlər onların vəziyyətini stabil qiymətləndirirlər.

CNN xəbər verir ki, Ekvador hakimiyyəti hazırda Peru və Kolumbiya nümayəndələri ilə birlikdə onların vətənə qayıtmasını əlaqələndirir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə