…Çinin Quizhou əyalətində dünyanın ən hündür körpüsü olduğuna iddia edilən Huajiang Grand Canyon körpüsünün tikintisi başa çatmaq üzrədir.
Beipan çayından 625 metr yüksəklikdə, o, indiki rekordçu olan Duge körpüsündən də 72 metr yüksəkdir.
SİA-nın məlumatına görə, 1,6 kilometr uzunluğunda olacaq körpünün 2025-ci ilin ikinci yarısında istifadəyə verilməsi gözlənilir.
Tikinti işlərinə 2022-ci ilin yanvarında başlanılıb və hazırda 95 faiz tamamlanıb.
Earth Crack Canyon-dan keçən mühəndis strukturu keçid vaxtını bir saatdan bir dəqiqəyə qədər azaldacaq.
Layihənin baş mühəndisi Zhang Shenglin körpünü Çinin infrastruktur nailiyyətlərinin simvolu adlandırıb.
Layihə müxtəlif attraksionlara malik turizm mərkəzinin yaradılmasını nəzərdə tutur. Qüllələrdən birində ətraf ərazinin panoramik mənzərəsini təmin edən şüşəli lift olacaq. Ulduzları seyr etmək üçün kafe və bar da var.
Ekstremal əyləncə həvəskarlarına şüşə döşəməli müşahidə göyərtəsi və dünyanın ən hündür bungee jumping platforması təklif olunacaq.
Qeyd etmək lazımdır ki, Quizhou əyalətində artıq dünyanın ən yüksək 100 körpüsünə daxil olan 50-dən çox körpü var. Yeni layihənin həyata keçirilməsi Çinin irimiqyaslı infrastruktur tikintisi sahəsində lider mövqeyini gücləndirəcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə